İordaniya KİV-ləri Azərbaycan səfirindən yazdı

SİYASƏT
09:55 / 11.09.2022
910

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev və Kral II Abdullanın səyləri sayəsində iki dost ölkənin möhkəm zəmin üzərində qurulmuş münasibətləri gündən-günə möhkəmlənir.

Hit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri “Əl Ənbat” qəzetinə müsahibəsində Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov söyləyib. O qeyd edib ki, dost ölkə olan İordaniya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işləri getdiyini diqqətə çatdıran diplomat vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, o cümlədən nəqliyyat dəhlizləri və kommunikasiyaların açılması ərəb ölkələri, həmçinin İordaniya ilə iqtisadi əlaqələrin inkişafına təkan verəcək.

Səfirin müsahibəsində Azərbaycan və İordaniya arasında ticari əlaqələrin, xüsusən turizm sektorunda əməkdaşlığın geniş perspektivlərindən bəhs olunub.

Azərbaycan diplomatının müsahibəsini şərh edən iordaniyalı akademik Mərvan Suda “Əl Ənbat”, “Şaab”, “Cohina”, “Nəbd Əl Balad” qəzetlərində dərc etdirdiyi məqalədə qeyd edib ki, səfir E.Səlimov rəsmi Bakının Fələstin probleminin həllində İslam Əməkdaşlıq Təşkilatının mövqeyini dəstəklədiyini bildirib. Müəllif vurğulayıb ki, böyük beynəlxalq nüfuza malik olan Azərbaycan son illər ərəb ölkələri, o cümlədən İordaniya ilə əlaqələrini daha da möhkəmlədir, Qoşulmama Hərəkatına sədrliyi dövründə mühüm qlobal təşəbbüslərlə çıxış edir.

0