Ləyaqətsizlər yenə iş başında! Ölkənin gündəmi sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat və Azərbaycan ordusunun buna cavabıdır. Azərbaycanın ictimai-siyasi mühitində müzakirə olunan əsas məsələ məhz budur. Hətta yeni eskalasiya beynəlxalq aləmdə də diqqət mərkəzinə gəlib. Ard-arda verilən bəyanatlar belə deməyə əsas verir.
Başvermiş qarşıdurmada Ermənistanın da, Azərbaycanın da niyyəti bəllidir.
Ermənistan təcavüzkar siyasətətini davam etdirmək və mümkün olan bütün vasitələrdən yararlanaraq bölgədə dayanıqlı sülhə mane olmağa çalışır. Azərbaycan isə ərazi bütövlüyünü qorumaq və hər iki xalqın sülh şəraitində yaşamasına nail olmaq istəyir. Bu fakt hər kəsə gün kimi aydın olsa da, Ermənistan və havadarları Azərbaycana qarşı kampaniya apararaq rəsmi Bakını aqressor kimi təqdim etməyə çalışırlar. Təəssüf ki, bu məsələdə bir çox hallarda Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqedə dayandığını iddia edən, əslində isə dövlətçilik maraqlarına zərbə vuranlardan yararlanırlar. Belə şəxslərdən biri də Fransada yaşayan, hakimiyyətə müxalif olduğunu iddia edən blogger Məhəmməd Mirzəlidir.
Məhəmməd Mirzəlinin fəaliyyətinə diqqət yetirdikdə açıq-aydın görünür ki, bu şəxs hakimiyyətə deyil, dövlətin özünə qarşı çıxır. Hər halda Azərbaycanın Qarabağda apardığı əməliyyatları az qala işğal kimi qiymətləndirmək, ordunu gözdən salmaq və bu kimi addımlara başqa ad vermək mümkün deyil.
Maraqlıdır ki, Məhəmməd Mirzəli və onun kimiləri Qarabağda gərginlik artan kimi daha çox fəallaşır və Azərbaycan dövlətinə qarşı kampaniya aparır.
Sentyabrın 13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat və Azərbaycan ordusunun buna cavabı ilə bağlı da eyni hal təkrarlanıb. Mirzəli və onun kimiləri Ermənistanın təxribat törətdiyini bilə-bilə növbəti dəfə ləyaqətsiz davranaraq, məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır. Belə həssas məqamda bu cür çıxışlar edilməsi Mirzəlinin xarici kəşfiyyatın əlində marionetə çevrilməsini deməyə əsas verir. Axı necə ola bilər ki, adam öz ölkəsinin milli maraqlarına qarşı kampaniya aparsın?! Öz ölkəsini təcavüzkar kimi təqdim etsin, öz ölkəsinə indiki həssas məqamda sanksiya tələb etsin? Axı Azərbaycan öz ərazi bütövlüyünü qorumaq uğrunda mücadilə verir. Neçə-neçə oğullarımız bu yolda şəhid olur. Belə bir mövqe həm də şəhidlərin ruhuna hörmətsizlik deyilmi?
Qaynarinfo.az