Səmərqənddə Azərbaycan və Özbəkistan prezidentləri arasında görüş oldu - FOTO/YENİLƏNİB

SİYASƏT
15:20 / 15.09.2022
1059

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

HİT.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda salamlamaqdan məmnunluğunu bildirdi, Azərbaycan Prezidenti İlham Əliyevin iyunda Özbəkistana dövlət səfərini xatırladı. Özbəkistan Prezidenti dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğuladı. Prezident Şavkat Mirziyoyev yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlərimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırdı.

Qarşıda duran əsas məsələnin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan Prezidenti Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin qarşılıqlı təltif olunmasını müsbət hal kimi dəyərləndirdi. Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda ən əziz dostu və qardaşı kimi salamladığını bir daha qeyd etdi.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirdi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırdı və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.

Dövlətimizin başçısı Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələrin əldə olunduğunu bildirdi. Səmərqənddə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratla qarşıladığını vurğulayan Azərbaycan Prezidenti qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə inkişafının xalqımızda böyük sevinc hissi doğurduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.

Özbəkistana dövlət səfərini xoş təəssüratlarla xatırladığını vurğulayan Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi.

Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul etdi.

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirdi. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14.11

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Hit.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

0