ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin qalmaqallı İrəvan səfərindən sonra ermənilərin eyforiyası, deyəsən, yavaş-yavaş keçir. Keçməyə məhkumdur. Çünki Aranı qatan Pelosi getdi, reallıqlar isə qalır. O sırada Ermənistanın qonşuları heç yerə buxarlanıb-eləməyib və öncəliklə onlarla - Azərbaycan və Türkiyə ilə dil tapmaq, barışmaq lazım gələcək. Yolu, şərtləri bəlli. Bakının sülh müqaviləsi üçün irəli sürdüyü 5 məlum prinsip də çoxdan masanın üstündə.
Təzədən “velosiped kəşf eləməyə” lüzum yox. Rəsmi İrəvan öz xarici havadarlarının əli ilə sülh anlaşmasına qarşı min oyundan çıxsa da, enində-sonunda Azərbaycan və Türkiyənin şərtlərini qəbul eləməli olacaq. Ona görə yox ki, o məğlub tərəfdir, ona görə ki, haqsız tərəfdir. Bu gerçəyi Pelosu yox, lap Co Baydenin özü də İrəvana gəlsə, dəyişmək gücündə deyil.
*****
Artıq Güney Qafqazda bambaşqa qüvvələr nisbəti mövcuddur, bölgənin aparıcı, açar dövlətinin adı da bəlli: Azərbaycan. Azərbaycan-Türkiyə möhtəşəm hərbi-siyasi tandemi də bir-iki illiyə yaradılmayıb. Bu reallığı və qüvvələr nisbətini nə erməni lobbisi, nə də Ermənistanın arxasında durub ona uzaqdan “vur!” deyən məsuliyyətsiz beynəlxalq çevrələr hayların xeyrinə poza bilməz!
Qalır status-kvo ilə, reallıqla barışmaq. Kapitulyant ölkə xam xəyallarla yaşamaqdansa, Qərbə, İrana boş ümidlər bəsləməkdənsə, bu bəsit həqiqəti nə qədər tez özü üçün əxz eləsə, bir o qədər Ermənistandakı əhali bəlalardan tez qurtular. “Kənardan döyüş adama asan gələr” deyib müdriklər. Ağrısını öz “dərisində” hiss edən erməni toplumu isə daha bir müharibənin nə demək olduğunu, onun hansı fəlakətli nəticələrə gətirəcəyini gərək ki, indi hamıdan yaxşı anlasın və yadında yaxşı saxlasın. Ən azından 12-14 sentyabr 2 günlük sərhəd döyüşləri var.
Yeri gəlmişkən, Ermənistanın Müdafiə Nazirliyi son hərbi toqquşma zamanı ölən hərbiçilərinin siyahısını hələ də açıqlamayıb. Bu, şübhəsiz, itkilərin miqyasının böyük olması ilə bərabər, həmin itkiləri cəmiyyətdən gizlətməyə, toplumun sakitləşməsi üçün müəyyən vaxt udmağa hesablanıb. Heç 44 günlük müharibədə də ölənlərin tam siyahısını bu günədək Ermənistanda bilən yoxdur. Sual yaranır: bunca canlı, maddi itkilər bəs eləmədimi Azərbaycanla sülh müqaviləsinin alternativinin yalnız müharibə olduğuna yəqinlik hasil eləməyə?
Bu xüsusda onu da qeyd edək ki, Ermənistandan fərqli olaraq Azərbaycan hakimiyyəti cəmiyyətlə açıq, şəffaf, dürüst kommunikasiya siyasəti aparır. Məlum olduğu kimi, şəhidlərimizin hamısının adları rəsmi qaydada açıqlanıb, şəhid ailələri, müharibə veteranları birbaşa Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub. Onların sosial müdafiəsi üçün tədbirlər davam etdirilir...
*****
Pozitiv məqamlardandır ki, İrəvanın son sərhəd təxribatı və Nensi Pelosinin səfərindən sonra reallıqları doğru qiymətləndirməyə çalışan, ağlını və məntiqini tam itirməmiş erməni təhlilçilər də var.
“Ermənistanda hakimiyyətin əli ilə yaşanan anti-Rusiya isteriyasını başa düşə bilmirəm. Doğrudanmı bu insanlar sonrakı dağıntı və qurbanlara görə məsuliyyət hissi keçirmirlər?”
“Yeni Müsavat”ın məlumatına görə, bunu NEWS.am saytının müxbirinə müsahibəsində keçmiş deputat, İrəvandakı “Alternativ layihələr” qrupunun eksperti Vaqe Ovannisyan deyib.
“Pelosinin səfəri zamanı erməni cəmiyyəti eyforiyaya qərq oldu. Vaşinqtona dönən Pelosi isə artıq Ermənistanı unudub. Qarşıdan seçkilər gəlir. Pelosi ermənipərəstdir, gəldi və getdi, bəs biz nə edirik? Eyni səhvləri hər 100 ildən bir təkrarlamalıyıqmı?”, - deyə o yenə sual edib.
Sözünə davam edən erməni analitik bildirib: “İnsanlar başa düşmür ki, Pelosinin eyforiyası altındadırlar. Hakimiyyət qarşıya ictimai əhval-ruhiyyəni dəyişmək vəzifəsini qoyanda bu, çox asandır. Bir neçə veriliş, bir neçə saxta xəbər, bir neçə ifadə və birdən görürsən ki, cəmiyyətdə qıcqırma var. Axı Parisdə kafedə oturub müharibənin olub-olmamasını müzakirə etmək olmaz. Əgər müharibə olsa, Ermənistan dövləti olmayacaq (44 günlük müharibədən sonra - red.) Çətin danışıqlar, lokal münaqişələr oldu, hansısa mövqe uğurları ehtimalı var idi, amma genişmiqyaslı müharibə üçün əsas yox idi, bu gün isə artıq var”.
*****
Kapitulyant ölkədə yeni müharibə xofu... Nə qədər ki, Azərbaycanla sülh müqaviləsi imzalanmayıb və Ermənistan parlamentində ratifikasiya edilməyib, nə qədər ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası yeni sülh müqaviləsinə uyğunlaşdırılmayıb, erməninin canından bu xof çıxmayacaq. ABŞ, Fransa, Rusiya, İranın timsalında çoxlu sayda “mamaça” ola bilər, amma güc yenə “doğan”a - Ermənistana və erməni xalqına düşəcək. Qərarı o verməlidir. Həm də yeganə doğru qərarı.
Tək yol bu. Bu yolun yeganə alternativi həqiqətən də Ermənistanın olan-qalan dövlətçiliyinin axırına çıxacaq müharibədir. Son və dağıdıcı müharibə. Odur ki, Ermənistan son şansını qaçırmamalıdır. Əks halda, bu, intihar anlamına gələcək...
Mənbə: “Yeni Müsavat”