TÜİB erməni təxribatı ilə bağlı bəyanat yaydı

SİYASƏT
17:11 / 22.09.2022
922

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Azərbaycan sərhəddində Ermənistan silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatla bağlı bəyanat yayıb.

HİT.az bəyanat mətnini təqdim edir:

“Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin öz təcavüzkar xislətinə sadiq qalaraq sentyabrın 13-də Azərbaycan sərhədində törətdiyi genişmiqyaslı təxribat hər bir azərbaycanlı kimi bizi də dərindən hiddətləndirib.

Görünür, şanlı Azərbaycan ordusunun cəmi 44 gün ərzində 30 illik işğala son qoyması, adətən, havadarlarına arxalanıb torpaqlarımızda daimi ağalıq fikrinə qapılan erməni xalqının psixologiyasında sağalmaz iz buraxıb.

Erməni xalqı anlamalıdır ki, onun qarşısında 30 il əvvəlki ölkə yox, hərbi və iqtisadi qüdrəti günü-gündən artan, Qafqazın ən güclü ordusuna və dəmir iradəli liderinə sahib olan Azərbaycan var.

Maraqlıdır ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin illərdir işğal altında saxlanmasına, 20 mindən artıq insanın qətl edilməsinə, bir milyon insanın öz doğma yurd-yuvalarından didərgin düşməsinə göz yuman bəzi dövlətlər bu gün Azərbaycanı özünə qarşı yönəlmiş xain təhdidlərin qarşısını aldığı üçün ittiham edir, müqəssir kürsüsünə oturtmağa çalışır.

Bu kimi dövlət və dairələr bilməlidir ki, şanlı ordumuzun erməni təxribatının qarşısını alaraq sərhəd bölgəsində keçirdiyi uğurlu əməliyyatlar Azərbaycan Respublikasının özünümüdafiə hüququdur, eyni zamanda, coğrafiyamızda sabitliyin, dinc qonşuluq münasibətlərinin təmin olunmasına xidmət edir.

Azərbaycan ordusu müvafiq beynəlxalq təşkilatların illərdir edə bilmədikləri və ya etmək istəmədikləri vəzifələri öz qanı və canı bahasına həyata keçirir.

TÜİB olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə üzərinə götürdüyü ağır və şərəfli tarixi missiyanı uğurla həyata keçirdiyi üçün dərin təşəkkürümüzü bildirir, vətən daşından hörülmüş bu müqəddəs yolda hər bir vətəndaşımızı onun ətrafında sıx birləşməyə çağırırıq.

Vətən uğrunda öz canlarını fəda edən əziz şəhidlərimizin müqəddəs xatirəsini hörmət və ehtiramla anırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ bizimdir!!!

Qarabağ Azərbaycandır!!!

0