"Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir".
HİT.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib.
"Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb", - Prezident İlham Əliyev bildirib.
İlham Əliyev qeyd edib ki, dağıdılan məscidlərdən ikisi Ağdamdadır. Şuşadakı bir məscid isə qismən dağıntılara məruz qalıb: "Bizim işğaldan azad etdiyimiz torpaqlarda mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb".
Prezident bildirib ki, həyatla dolu olan Ağdam şəhərində heç nə qalmayıb: "Ağdam işğal dövründə tamamilə dağıdılıb".
Dövlət başçısı qeyd edib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: “Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var. Azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb, onlardan ikisi – biri buradakı, digəri Şuşadakı məscid yarım dağıdılıb və murdarlanıb”.
"Ermənistanın işğal altındakı bəzi rayonlarda tikililəri tam dağıtmamasının səbəbi həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti olub. Siz burada, Ağdamda, Qarabağ ərazisindəki hər bir kəndin dağıdıldığını görə bilərsiniz. Mən bilirəm ki, bizim qonaqlarımız bura yeni tikilmiş Füzuli Hava Limanı vasitəsilə gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bircə bina da qalmayıb. Cəbrayıl, Qubadlı, Zəngilan da həmçinin. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən də Kəlbəcərdir. Amma bunun səbəbi o idi ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan ermənilərin işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılmasını həyata keçirirdi”, deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır.
Qeyd edək ki, oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edir.
44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.
Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.