İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - İki namizəd var

SİYASƏT
14:15 / 19.10.2022
1051

Müsavat Partiyasının X qurultayı ilə bağlı müxtəlif iddialar səsləndirilir. 

Qaynarinfo xəbər verir ki, partiyada 2023-cü ildə keçiriləcək qurultayın vaxtının uzadılması barədə müzakirələr aparılır. İddia olunur ki, məsələnin kökündə Müsavatın keçmiş başqanı İsa Qəmbərin yenidən bu posta qayıdışı ilə bağlı təkliflər dayanır. 

Partiyanın bəzi yetkililəri hesab edir ki, İsa Qəmbərin yenidən başqan olmasına zərurət yaranıb. Hətta bununla bağlı İsa Qəmbərin özünə də müraciət edildiyi bildirilir. İddia olunur ki, keçmiş başqan təklifi qəbul etməyib. Lakin onun yenidən başqan olmasını istəyənlərin bu məsələdə israrlı olduğu iddia edilir. 

Siyasi təhlilçi Azər Rəşidoğlu da sosial şəbəkə hesabında yazıb ki, Müsavatın növbəti başqanı İsa Qəmbər ola bilər: “Məndə olan məlumata görə, Müsavatın növbəti qurultayında İsa Qəmbər başqanlığa qayıda bilər”.

Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı isə Qaynarinfo-ya açıqlamasında iddiaların əsassız olduğunu deyib: “Müsavat Partiyasının qurultayının vaxtının uzadılması barədə hər hansı müzakirə aparılmır. Qurultay 2023-cü ildə keçirilməlidir. Ümumiyyətlə, hələ partiyada bu məsələ ətrafında hər hansı müzakirə yoxdur. İsa Qəmbərin başqanlığa qayıda biləcəyinə gəlincə, bu iddianın da əsası yoxdur. Hələ qurultaya xeyli vaxt var. İndidən bu mövzuda müzakirə aparılmasına ehtiyac yoxdur”.

Müsavat başqanının müavini Fərəc Kərimli də Qaynarinfo-ya bildirib ki, partiyada  qurultayla bağlı hər hansı müzakirə aparılmır: “Müsavatda qurultayla bağlı heç bir müzakirə getmir. Partiyanın nizamnaməsinə uyğun olaraq qurultayın vaxtında keçirilməsi nəzərdə tutulur".

İsa Qəmbərin yenidən başqan ola biləcəyi barədə məlumatlara gəlincə, Fərəc Kərimli deyib: "Müsavat Partiyasında işlərin yolunda getdiyi bir vaxtda bu müzakirələri açmaqla, kimlərsə müsavatçıları partiyaya heç bir faydası olmayan mübahisələrə cəlb edəcəklərini düşünürlər. Müsavatda qurultayla bağlı müzakirələr ancaq qurultay ərəfəsində, namizədlər irəli sürüldükdən, seçki prosesi başladıqdan sonra gedir".

Lakin adının çəkilməsini istəməyən Müsavat daxilindəki mənbə Qaynarinfo-ya bildirib ki, qurultayda iki namizədin irəli sürülməsu planlaşdılır: İsa Qəmbər və Gülağa Aslanlı.

Gülağa Aslanlının namizədliyi birmənalı qarşılanmasa da, İsa Qəmbərin liderliyi partiya üzvləri tərəfindən yekdillikə dəstəklənir. Mənbənin məlumatına görə, veteran müsavatçılar bu məsələdə təkid edirlər.

Qeyd edək ki, 1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən - sovet işğalından sonra əsasən, mühacirətdə fəaliyyət göstərib. 1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər Müsavatın başqanı seçilib və 2014-cü ilə qədər partiyaya rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib. 2019-cu ildə Müsavatın IX qurultayı keçirilib. Müsavatçılar yenidən Arif Hacılını başqan seçib. 

0