Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib.
HİT.az “Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hökumət rəhbəri bunu hakim “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib.
"Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”, deyə Paşinyan bildirib.
Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktybarın 31-də Soçidə keçiriləcək görüşündə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılması barədə sənədi imzalamağa hazır olduğunu da bildirib: "Biz istəyirik ki, rusiyalı sülhməramlılar öz missiyalarını yerinə yetirməyə davam etsinlər. Mən Soçidə sülhməramlıların mandatının 10 il, 15 il və ya 20 il uzadılması barədə sənədi imzalamağa hazıram. Təklif edirəm ki, Rusiya Prezidenti bununla bağlı təşəbbüslə çıxış etsin. Mən özüm də bu təklifi edə bilərəm, amma Rusiya tərəfi bu təklifi dəstəkləməlidir".
Baş nazir öz silahdaşlarını cəsarətli olmağa çağırıb. Paşinyan etiraf edib ki, Ermənistanın dağılan dünya düzəni şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxışa ehtiyacı var: “Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir. Mən hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışdım. Lakin tədricən başa düşdüm ki, 30 il ərzində əvvəlki hakimiyyət bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb”.