Asim Mollazadə: "İnformasiya savaşının, sanksiya hədələrinin qarşısını almaq üçün diplomatik fəaliyyəti gücləndirməliyik”

SİYASƏT
10:56 / 04.11.2022
781

“Büdcənin ən böyük qismi Azərbaycanın dövlət təhlükəsizliyi ilə bağlıdır. Nəzərə almalıyıq ki, münaqişə hələ bitməyib”.

Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının ehtimal edilən hansısa təxribatların qarşısını almaq üçün təminatı olmalıdır.

“İstisna deyil ki, biz ölkənin müdafiə qabiliyyəti xərclərini daha da artırmalı olacağıq. Bununla yanaşı, Azərbaycana qarşı informasiya savaşı gedir, bizə sanksiyalarla hədə-qorxu gəlirlər. Mənə elə gəlir ki, biz bu istiqamətdə işi, diplomatik fəaliyyəti gücləndirməliyik. Bəzi ölkələrdəki səfirliklərimizi bağlamağa məcbur olmuşduq, biz bunları yenidən açmalıyıq. Eyni zamanda İsraildə səfirlik açmaq üçün büdcədə vəsait nəzərdə tutulmalıdır. Bu bizim üçün çox vacibdir”, - Asim Mollazadə deyib.

O əlavə edib ki, “Böyük Qayıdış” layihəsini həyata keçirmək üçün müvafiq işlər aparılmalıdır. 

“Azərbaycanı dünyada tanıtmaq üçün çox az iş görülür. Azərbaycanda investisiya potensialı barədə məlumatlar kifayət qədər təmin edilmir”, - deyən deputat sosial sahədə görüləcək işlərdən də danışıb.

 “İnflyasiya artır, sosial sahədə görünən işlər ona görə çox az nəticə verir. Azərbaycanda ətraf mühitlə bağlı “yaşıl enerji”nin inkişafı istiqamətində işlərin artırılmasına ehtiyac var. Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft və qazdan asılıdır. Çox təəssüf ki, iqtisadiyyatın digər sahələri arzu etdiyimiz səviyyədə deyil”, - deyə millət vəkili əlavə edib.

0