Güclü liderlə cəmiyyətin birliyi: Güclü Azərbaycan dövləti

SİYASƏT
13:25 / 07.11.2022
843

Azərbaycan torpaqları 44 gün ərzində Ermənistanın işğalından azad olundu. Bu qələbəyə dostlar sevincini, düşmənlər xəbisliyini gizlədə bilmədi.

Ərazilərin işğaldan təmizlənməsinə gedən yol isə çox uzun və çətin olub. Bu çətinliyin öhdəsindən Prezident-xalq, xalq-ordu birliyinin nəticəsində gəlmək mümkün olub.

Prezident İlham Əliyev bütün çıxışlarında torpaqların işğaldan azad edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu daim vurğulayırdı. Heç də təsadüfi deyil ki, 44 günlük müharibə başlamazdan 3 gün öncə, sentyabrın 24-də Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini xəbərdar etmişdi:

“Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib…

...Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu, dövlət başçısının uzaq görənliyi və beynəlxalq ictimaiyyəti ermənilərin yeni təxribatından agah etməsi idi. Prezident həm də torpaqları silahla azad etmək üçün Azərbaycanın hüququnun olduğunu da dünyanın nəzərinə çatdırmışdı.

İlham Əliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə kökləməklə iradəsini, Azərbaycanın haqlı olduğunu nümayiş etdirdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bu şüar bütün müharibə zamanı hər kəs üçün başlıca hədəf idi. 2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində isə Ali Baş Komandan daha əminlikə düşmənə öz yerini göstərdi, cəmiyyətə verdiyi sözə əməl edəcəyinin anonsunu verdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

Oktyabrın 9-da isə Prezident İlham Əliyev xalqa növbəti müraciətində Qarabağ məsələsi ilə bağlı status-kvonun, təmas xəttinin olmadığını dünyaya bəyan etdi: “Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini…Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

Bu, həm də Ali Baş Komandanın Azərbaycan əsgərinə verdiyi böyük dəyərin göstəricisi idi. Dövlət başçısının həmin günlərdə etdiyi çıxışı hər bir azərbaycanlı səbirsizliklə gözləyirdi. Sanki hər gün yeni ərazilərin azad ediləcəyinə cəmiyyət adət etmişdi. Hətta bu barədə ölkə başçısı çıxışlarının birində də vurğulamışdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir”.

44 günlük Vətən müharibəsi zamanı Ermənistan və havadaraları Azərbaycanda xaos yaratmaq, cəmiyyətlə hakimiyyət arasında qarşıdurmaya nail olmaq üçün əllərindən gələn bütün pislikləri edirdi. Bu məqsədlə döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Goranboy, Naftalan, Ağcabədi, Daşkəsən şəhərləri və rayonları raket hücumuna məruz qalmışdı.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumuna məruz qalıb.

Hətta oktyabrın 17-də Ermənistan silahlı qüvvələri şəhərə ballistik raketlə hücum etmişdi. Raketlər şəhərin Muxtar Hacıyev küçəsində bir çox evlərin yerləşdiyi əraziyə düşmüşdü. Bu terror aktı nəticəsində onlarla günahsız insan şəhid olmuşdu, çoxlu sayda isə dinc sakin yaralanmışdı.

Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə beş dəfə (5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində) Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər dünyasını dəyişib, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Ümumilikdə isə Vətən müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Oktyabrın 17-də Prezident İlham Əliyev raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

Prezident bütün çıxışlarında Azərbaycan cəmiyyəti və ordusunun fəaliyyətini yüksək qiymətləndirirdi. Oktyabrın 26-da dövlət başçısı xalqa növbəti müraciətində demişdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.

Tarixi Zəfərimizdən dərhal sonra dekabrın 12-də Azərbaycan lideri ATƏT-in Minsk Qrupu həmsədrlərini qəbul edərkən Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu elan etmişdi.

Noyabrın 8-i Azərbaycan vətəndaşlarının, dünya azərbaycanlılarının, Azərbaycan sevənlərin fəxr etdikləri, qürur duyduqları və unudulmayacaq bir bəxtiyarlıq yaşadıqları tarixi gündür. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev daha da güclü görünürdü. O, Şəhidlər xiyabanından çıxış edərək Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu gün Azərbaycan xalqı "dəmir yumruğ"un ətrafında sıx birləşib! Həmişə də belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

8 Noyabr bütün azərbaycanlıların qürur və fəxrlə xatırlayacağı gündür. Bu tarix həm də dünyaya Prezident-xalq birliyinin və həmrəyliyinin nümayişidir.

Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin güclü Azərbaycan konsepsiyasının reallaşmasıdır. Dövlət başçısı müharibə dövründə, ondan əvvəl və sonra da milli maraqlarımızı hər şeydən uca tutub. Uğurlarımızın əsasında duran amillərdən biri də məhz budur. İlham Əliyev Prezident olaraq bu uğurları həm də düşünülmüş addımları, prinsipiallığı, qətiyyəti və güclü iradəsi ilə əldə edib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra onun beynəlxalq aləmdə çəkisi artıb. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurudur. O, uğurları və qələbəsi ilə Cənubi Qafqazda yeni şəraitin əsas memarlarından biridir. Bu gün regionda istənilən layihə Azərbaycanın xeyir-duası ilə reallaşa bilər.

Azərbaycan lideri dünya azərbaycanlılarının hüquq və azadlıqlarının müdafiəçisi olaraq da çıxış edir: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir...”

Beləliklə, güclü lideri və cəmiyyətinin birliyi ilə Azərbaycan tarixdə bu gün heç vaxt olmadığı qədər güclüdür. İlham Əliyev 50 milyonluq azərbaycanlının lideridir. Azərbaycanın uğuru isə 50 milyonluq azərbaycanlının sevinci və qürur mənbəyidir.

0