İranın "Bakıdan Tehrana uçan terrorçu" ssenarisinin hədəfi

SİYASƏT
11:24 / 08.11.2022
1362

İran Şahçıraq terrorunda Azərbaycanın adını dövriyyəyə buraxıb. Terror əməliyyatının “baş koordinator”unun Azərbaycan vətəndaşı olması və Bakı hava limanından İmam Xomeyni aeroportuna uçduğu iddiasında Tehranın hədəfi də aydın görünür: bu, 44 günlük müharibədə ortaya atılan “terrorçu” iddialarının davamı və iddianın praktiki mərhələyə köçürülməsidir;

Bundan öncə Araz bölgəsindən keçən “terrorçuları” saxladılar, indi də Bakıdan uçan terrorunun zəvvarları güllələdiyi iddiasını ortaya atıblar.

Şahçıraq terroru baş verəndə yazmışdıq: etirazların geniş vüsət aldığı vaxt terrorçuların niyə məhz zəvvarları hədəf seçdiyi şübhəlidir və istisna deyil ki, terrorun arxasında məqsədinə nail olmaq istəyən rejimin özü dayanır; bununla etirazların baş verdiyi vaxt “xarici təhlükə”ni gücləndirir, “təhlükəsizliyi qorumaq” üçün aksiyalara qarşı silah gücünün tətbiqini legitmləşdirir, zəvvarların hədəf seçilməsi ilə mollaların dayaqlarını möhkəmləndirir;

Arazdan “terrorçuların” keçməsi və Şahçıraq aktında “baş terrorçu”nun Bakıdan uçması iddiaları Azərbaycanı “regionda terror ixrac edən” ölkə kimi göstərməyə hesablanıb. Və İran rejimi həm də bununla:

Ölkə daxilində Azərbaycanın düşmən obrazını yaradır: bu, güneydə milli hərəkatın genişlənməsinə qarşı da düşünülmüş ssenaridir;
- “Terrora qarşı mübarizə” adı altında Azərbaycana qarşı mümkün müdaxilə ssenarilərinə əsaslar formalaşdırır;

Lakin bu terror iddiaları “əsaslar” yaratmağa bəs etmir, bu baxımdan, davamlı olacağı istisna deyil. Ssenariləri, qurmaq istədikləri oyunlar çox açıqdır.

Asif Nərimanlı

0