Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək. Rusiya lideri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasına qatılacaq. Putin sonuncu dəfə Ermənistanda 2019-cu ildə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olub.
Qeyd edək ki, hazırda KTMT-yə Ermənistan sədrlik edir.
Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Putinin İrəvana səfəri zamanı iki ölkə arasında son zamanlar yaşanan münasibətlərə müəyyən qədər aydınlıq gətiriləcək:
"Həm Ermənistan, həm də regionun digər dövlətləri Putinin İrəvana olan bu səfərinə müəyyən əhəmiyyət verir. Putinin bu səfəri İrəvan-Moskva, eyni zamanda, Ermənistan-KTMT münasibtlərinin müəyyənləşməsində müəyyən rol oynayacaq. Son zamanlar Ermənistanın Rusiya, həm də KTMT ilə münasibətləri gərginləşib. İrəvan elə hesab edir ki, Rusiya və KTMT Ermənsitanın yanında olmalıdır.
Digər tərəfdən də Ermənistan Qərbin təsiri ilə Rusiyadan uzaqlaşmaq istiqamətində addım atır. Moskva isə hələ də Ermənistandan əl çəkmək niyyətində olmadığını ortaya qoyur. Bu mənada İrəvanın Rusiyaya qarşı demarşının nəticə verməyəcəyi daha ağlabatandır.
Düşünürəm ki, Putinin İrəvana səfəri zamanı iki ölkə arasında yaşanan münasibətlərə müəyyən qədər aydınlıq gətiriləcək, müəyyən dəyişikliklər baş verəcək. Rusiya Ermənistanın həyata keçirdiyi qeyri-qanuni hərəkətlərdə ona dəstək olmayacaq. Kreml İrəvana başa salacaq ki, qonşularla münasibətdə təxribatçı hərəkətlərə yol verməsin. Ehtimal edirəm ki, Putinin bu səfəri fonunda İrəvanın Rusiyaya bəslədiyi ümidləri tamamilə boşa çıxacaq”.