İran həddini aşır: Azərbaycanı təhid edən molla rejiminin dərdi nədir?

SİYASƏT
18:00 / 01.12.2022
2596

İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümü ilə bağlı etiraz aksiyaları qarşısıalınmaz məcraya yönəldikcə, rəsmi Tehran diqqəti baş verənlərdən yayındırmaq üçün çabalarını daha da artırır. Siyasi analtiklər hesab edir ki, İran hakimiyyətinin bu istiqamətdə əsas işi "xarici düşmən” tapıb, lokal müharibəyə başlamaqdır. 

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK-SEPAH) İraqda əməliyyat keçirməsi, rəsmi Tehranın Azərbaycana qarşı hədələri bununla izah edilir. 
İran-Azərbaycan münasibətlərində hələ 44 günlük Qarabağ müharibəsi zamanı soyuqluq yaranmışdı. Başlıca səbəb əlbəttə ki, Tehranın İrəvana yardımları, müsəlman ölkəsi olaraq Azərbaycanın haqq savaşına lazımi dəstək verməməsi idi. Bununla belə, rəsmi Bakı tarixi, mədəni və dini ortaq dəyərləri üstün tutaraq, İranın hərəkətlərinə maksimum şəkildə təmkinlə yanaşırdı. 

Müharibə Azərbaycanın qələbəsi ilə bitdikdən sonra isə rəsmi Tehran Bakıya qarşı siyasətini bir qədər də tündləşdirib. Xüsusilə, İranı etiraz dalğalarının bürüməsi teokratik rejimin Azərbaycana yönəlik təhdidlərinin sayını artırıb. 

Növbəti təhdid İran parlementində eşidilib. Bir neçə gün əvvəl Salmas şəhərinin nümayəndəsi, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi Yaqub Rzazadə İran parlamentində Azərbaycanı hədələyib. "Mən Azərbaycanın Prezidentinə ciddi xəbərdarlıq edirəm ki, əgər Azərbaycan birləşəcəksə, İran İslam Respublikasına daxil olan sizin Azərbaycanınızdır. Həmçinin separatçı və anti-inqilabçı ünsürlərin bazalarına hücum etdiyinə görə sərdar Əsanluya minnətdaram və ona təşəkkür edirəm”, deyə o bildirib.

Urmiyə deputatı və İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vəhid Cəlalzadə də ona dəstək verib. "Azərbaycan Respublikasının əlaltılarının diqqətini ona yönəldirəm ki, onlar siaonistlərin və amerikalıların onların ayaqları altına atdıqları yemiş qabığından xəbərdar olmalıdırlar. İran və Azərbaycan xalqı arasındakı əlaqə pozulmazdır və bədxahlara deyirəm ki, bu işlə özünün abrını aparırsan bizi də əziyyətə salırsan”, deyə Cəlalzadə vurğulayıb.

Əlbəttə ki, iranlı deputatların bu fikirlərini özfəaliyyət hesab etmək sadəlövhlük olardı. İran demokartik ölkə deyil ki, orada deputatlar müstəqil şəkildə fikir bildirsinlər. İstər Yaqub Rzazadənin, istərsə də Vəhid Cəlalzadənin fikirlərini əslində teokratik rejimin mövqeyini ifadə edir və göründüyü kimi Tehran Azərbaycanı az qala ərazi iddiasında suçlayır. Halbuki Azərbaycan indiyə qədər Cənubi Azərbaycan məsələsini qabartmayıb. Doğrudur, orada yaşayan və addımbaşı hüquqları pozulan soydaşlarımızın vəziyyəti Azərbaycanda narahatlıqla qarşılanır. Lakin bu narahatlıq İranı parçalamaq niyyətinin yox, teokratik rejimin ədalətsizliyinin təzahürüdür. 

Yaqub Rzazadə Azərbaycanı təhdid edir ki, Şimalla Cənub birləşəcəyi təqdirdə müstəqil Azərbaycan İranın tərkibinə keçəcək. Əslində bu açıq təhdid, müstəqil bir dövləti ilhaq etmək niyyətinin izharıdır. 

Vəhid Cəlalzadənin fikirlərindən isə görünür ki, Tehran Azərbaycanı İranın "düşmənləri” ilə dostluqda günahlandırır və hesab edir ki, Bakı böyük güclərin təsiri altında anti-İran siyasəti yürüdür. 

Vəhid Cəlalzadə, o cümlədən İran hakimiyyəti anlamalıdır ki, Azərbaycan müstəqil ölkədir və müstəqil siyasət yürüdür. Eyni zamanda Azərbaycan hansısa güclərin geopolitik maraqlarını reallaşdırmaq üçün meydan deyil. Azərbaycan müstəqil olandan bəri bu siyasətə qarşı çıxıb və indinin özündə də xüsusilə yaxın qonşuları ilə münasibətdə bu məsələyə həssas yanaşır. 

Əslində İranın dərdi Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə fəal oyunçuya çevrilməsidir. Bu İranı həm narahat edir, həm də qısqandırır.

İranı qıcıqlanmasını şərtləndirən əsas amil budur. Materik imperiyası olan İran bölgədə Rusiya və özündən başqa aktor görmür və görmək istəmir. Eyni zamanda, Tehran Azərbaycanı sözəbaxan qonşu obrazında görməyə çalışır. Bu isə heç bir halda mümkün deyil. 

İran hakimiyyəti anlamalıdır ki, Azərbaycanla təhdid dilində danışmaqla onu yolundan döndərmək mümkün olmayacaq. Azərbaycan torpaqlarını işğal azad etməyə başlayanda da təhdidlərlə üzləmişdi. Amma Azərbaycan bu təhdidlərə boyun əyməyərək, böyük güclərin himayə etdiyi Ermənistanı məlubiyyətə uğradaraq, tarixi torpaqlarını işğaldan azad etdi. Ümid edirik ki, rəsmi Tehran bundan nəticə çıxarar...

Mənbə: Qaynarinfo.az

0