"Moskva Qarabağ məsələsində Bakını dəstəkləyir"

SİYASƏT
17:20 / 26.05.2020
1685

“Yeddi il bundan əvvəl Azərbaycan ilə Rusiya arasındakı dostluq mövzusunu informasiya məkanında yaymaq, bu məsələyə mümkün olan hər cür dəstək vermək, Rusiya ictimaiyyətinə Azərbaycanı tanıdaraq bu ölkə ilə dostluq qurmağı izah etmək fikri yarandı. Ötən illər ərzində bu istiqamətdə xeyli nailiyətimiz oldu”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Moskvada Azərbaycanın 28 May - Respublika Günü münasibətilə onlayn formatda keçirilən “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyası ilə əməkdaşlığı” adlı konfransında rusiyalı politoloq Dariya Qrevtsova dilə gətirib.

“Məncə, bu gün Rusiyada az qala hər kəs Azərbaycanı tanıyır, nə qədər maraqlı ölkə olduğundan da xəbərdardır. Bunu Rusiyadan Azərbaycana gedən turistlərin sayı da sübut edir. Keçirilən saysız-hesabsız tədbirlər arasında hər il fevral ayında rusiyalı deputatların, tanınmış ekspertlərin də iştirakı ilə keçirilən Rusiya – Azərbaycan Forumu qeyd etmək istərdim. Ötən il forumun iştirakçıları Xocalı soyqırımına həsr olunmuş tədbirdə də iştirak edərək abidə önünə gül qoyublar. Rusiya telekanallarının göstərdiyi bu hadisə Rusiya ictimaiyyətinin böyük diqqətini cəlb etdi. Şübhəsiz ki, Azərbaycan sürətlə inkişaf edir. İlk dəfə 2009-cu ildə gedib orada gördüklərimlə bu gün, 2020-ci ildəkilər arasında yerdən göyədək fərq var”, – politoloq deyib.

Dağlıq Qarabağ məsələsinə toxunan ekspert bu problemin həllinin Rusiya üçün də mühüm əhəmiyyət daşıdığını bildirib: 

“Rusiya sərhədləri yaxınlığında münaqişə olmasını istəmir, qonşuları arasındakı dinc münasibətləri öncül məsələ hesab edir. Bu məsələdə Rusiya Azərbaycanın mövqeyini dəstəkləyir, bunu hamımız dərk edirik. Elə bu yaxınlarda xarici işlər naziri Sergey Lavrovun bəyanatını, müqavilə imzalamaq təklifini yada salaq. Bu məsələ hərtərəfli müzakirə edildi, razılaşdırıldı, amma Ermənistan tərəfi imzalamaqdan boyun qaçırdı. Ermənistanın bu qeyri-adekvat mövqeyini Rusiyada da görürlər”.

Politoloq bu məsələ ilə bağlı Avropa ictimaiyyətini də məlumatlandırmağın əhəmiyyətini vurğulayıb: 

“Bir neçə il bundan əvvəl Polşada keçirilən bir forumda məhəlli münaqişələrlə bağlı çıxış etdim, orada Dağlıq Qarabağdan söhbət açdım. Təsəvvür edin ki, salona toplaşanların yarısı Dağlıq Qarabağ ətrafında işğal olunan yeddi rayondan xəbərsizmiş. Onlar məhəttəl qalmışdı. Prezident İlham Əliyevin də, Birinci vise-prezident Mehriban Əliyevanın da dünya ictimaiyyətini məlumatlandırmaq üçün bir çox işlər gördüklərini bilirəm. Bu tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forum kimi irimiqyaslı tədbirlər var. İndi bütün tədbirlərin onlayn formatda keçirildiyi bir vaxtda həmin forumların iştirakçılarını da cəlb edib bu cür yığıncaqlar keçirə bilərik. Belə olan halda Avropa parlamentlərinin üzvləri bilinməsi vacib olan məlumatları öz həmkarlarına çatdırar, nəticədə sonralar münaqişə həll edilərkən məsələyə dair obyektiv mövqe ortaya qoyular”.

1