İsraildəki ilk səfirimiz - şərtlərə cavab verəcək namizədlər

SİYASƏT
09:31 / 06.12.2022
1670

Azərbaycan parlamenti nəhayət ki, İsraildə səfilik açmaq haqda qərar verdi. Çoxdan gözlənilən qərar idi. Çünki bu həm də torpaqlarımızın azad olunmasında bizə müstəsna köməyi dəymiş - öz silahları, hərbi texnologiyaları, özəl kəşfiyyat məlumatları, verdiyi şəhidlə (Milli Qəhrəman Albert Aqarunov) və s. - yəhudi xalqına bir vəfa borcumuz idi.

44 günlük Vətən müharibəsi sonrakı dönəmdə də İsrail öz siyasəti ilə Azərbaycanın yanında olduğunu sübut etdi. Olmağa davam edir. O sırada qazilərimizin müalicəsi və işğal edilmiş ərazilərin bərpası istiqamətində yəhudi dövlətinin töhfələrini də Azərbaycan xalqı unutmayacaq. Bu mənada Bakı küçələrində Türkiyə və Pakistan bayraqları ilə bərabər İsrail bayrağının da dalğalanması təsadüfi deyildi.

Qalır indi səfirliklə bağlı texniki məsələ. Ancaq texnikimi?

"Hesab edirəm ki, səfirliyin açılması iki ölkə arasındakı münasibətləri tam da  müttəfiqlik səviyyəsinə çatdıracaq və münasibətlər qarşılıqlı inam üzərində davam edəcək".

Bunu beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev öz məqaləsində yazıb. Politoloq hesab edir ki, ölkəmizin yerləşdiyi coğrafi məkan və müharibə sonrası həll edilməmiş təhlükəsizlik məsələləri Azərbaycanla İsrail arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsini tələb edir. “Bu kontekstdə, İsrailin antiterror əməliyyatları təcrübəsi və şübhəli elementlərin izlənməsi və zərərsizləşdirilməsi praktikası Azərbaycan təhlükəsizlik qüvvələri üçün çox yararlı ola bilər. Düşünürəm ki, indiki dönəmdə İsraildə səfirin kim olacağı da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın İsrailə göndərəcəyi səfir XİN-in hər hansı bir diplomatının təyinatına bağlanmalı deyil, burada fərqli yanaşma tətbiq edilməlidir”, - deyə Mehdiyev qeyd edib.

Onun sözlərinə görə, təyin ediləcək səfirin dünya görüşlü, təcrübəli, Yaxın Şərqin, İsrailin və yəhudi millətinin tarixi ilə tanış olan və bölgədə uzun müddət davam edən münaqişənin incəliklərini bilən nüfuzlu bir şəxsin təyin edilməsi daha da məqsədəuyğun olardı. “Azərbaycanın gənc diplomatlarının bu məsələlərə ağırlıqlı olaraq cəlb edilmədiyini nəzərə alsaq, yeni təyin ediləcək səfirin Azərbaycanın nüfuzlu yəhudi vətəndaşlarından birinin təyin edilməsi, Azərbaycanın İsraildə ilk səfiri kimi, ikili münasibətləri də möhkəm əsaslarla qurardı. Dünyanın əksər ölkələrinin İsrailə göndərdikləri səfir hər zaman bu cür göstəricilərə cavab verir və ölkəsində də nüfuz sahibləri olur. Məncə, Azərbaycan da bu məsələdə çoxtərəfli amilləri nəzərə alaraq qərar verməlidir”, - deyə politoloq vurğulayıb.

Bəs bu şərtlərə cavab verəcək neçə namizədimiz var? İlk səfir azərbaycanlı yəhudilərdən biri ola bilərmi?

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, kimin səfir təyin olunacağı ilə bağlı məsələ Prezidentin səlahiyyətidədir, seçimi o edəcək: “Amma çox müsbət haldır ki, səfirliyin açılması barədə qərar verildi və parlament bunu dəstəklədi. Burada söhbət bir səfirin fəaliyyətindən getmir. Səfirlə yanaşı bütün diplomatik sistem, burada Azərbaycanın iqtisadiyyatı ilə bağlı, təhlükəsizliyi ilə bağlı təyin edilən qurumlar da mühüm rol oynayır. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bir sıra istiqamətlərdə də Azərbaycanın diplomatik sahədə işləri gücləndirildi. Büdcədə bu istiqamətdə deputatlar tərəfindən artımla bağlı xahiş edilmişdi. Mən də parlamentdə dəfələrlə büdcə müzakirələrində bu məsələni qaldırmışdım. Çox müsbət qərarlar verilib və Azərbaycan çoxşaxəli işi, Azərbaycanı tanıtmaq istiqamətində işləri gücləndirməlidir. Bu sahəyə böyük diqqət göstərilməsinə ehtiyac var. Söhbət ondan gedir ki, Azərbaycanı sevməyən qüvvələr bu gün bizimlə müharibəni məhz bu sahədə - informasiya sahəsi, diplomatik müharibə aparır, odur ki,  beynəlxalq təşkilatlarla həm də rəsmi diplomatik münasibətləri genişləndirməliyik. Bununla yanaşı, parlament diplomatiyası istiqamətində çoxşaxəli işlər görülməlidir. Və Azərbaycan öz haqlarını dünyada müdafiə etməlidir. Buna çox ehtiyac var. Nəzərə alsaq ki, bizə qarşı çox ciddi, zəngin və təşkilatlanmış xarici Ermənistan formalaşıb. Ermənistan təkcə bizə  qonşu olan ölkədən ibarət  deyil. Dünyada bunlardan daha güclü olan və türk nifrəti ilə yaşayan erməni təşkilatları Azərbaycana,  Türkiyəyə qarşı öz müharibəsini aparırlar”.

Deputat əlavə edib ki, Azərbaycanın İsraildə əməkdaşlığın çoxşaxəli, böyük bir potensialı var: “Ümumiyyətlə, tək təhlükəsizlik, hərbi sahədən söhbət getmir, humanitar sahə, təhsil, səhiyyə, iqtisadiyyatın digər sahələri ilə bağlı İsrailin böyük təcrübəsi var. Bizim əməkdaşlığımız çox mühüm olardı. İsrailin müasir suvarma sistemləri təcrübəsi də var. Onlar demək olar ki, səhrada bütün məhsulları yetişdirə bilirlər. Azərbaycanda da çoxdan vaxt çatıb ki, su ehtiyatlarına qənaətlə yanaşılsın. Köhnə sovet meliorasiya sistemindən yeni, müasir suvarma sistemləri tətbiq etməliyik. Bu istiqamətdə İsraillə əməkdaşlıq Azərbaycanda bu resursları qorumaq istiqamətindədir, su resurslarını qorumaq istiqamətində çox mühüm nəticələr verə bilər”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın Fələstində nümayəndəlik, İsraildə səfirlik açması zamanında qəbul edilmiş qərardır: “Azərbaycan həm müsəlman ölkələri, həm də bu gün silah sənayesində böyük uğurlara imza atmış İsraillə sıx əməkdaşlıq edir. Azərbaycan hər zaman İslam həmrəyliyinə ciddi töhfələr verib. Bəzi dövlətlərdən fərqli olaraq həm sözdə, həm də əməldə bunu nümayiş etdirib. Müsəlman ölkəsi olduğunu iddia edən dövlət müsəlman ölkəsinin əleyhinə qeyri-müsəlman ölkəsi ilə sıx əməkdaşlıq etməz. Qeyd etdiyimiz kimi, Azərbaycan bu həmrəyliyi hər zaman öz əməlləri ilə göstərib. Müsəlman ölkələrini narahat edən məsələlərə həssas münasibət göstərib, onlara dəstək və yardımını əsirgəməyib. Onu da qeyd edim ki, bizim İsraillə əməkdaşlığımızla İranın Ermənistanla əməkdaşlığı arasında paralellik aparanlar yanılırlar. Biz heç zaman İsraillə İran əleyhinə əməkdaşlıq etməmişik. İran isə bunu hər zaman edib, Ermənistanın daha da güclənməsi üçün çalışıb. Ermənistanın azərbaycanlıların əlinə qanı batmış cinayətkar liderlərini bütün müsəlman dünyasının gözü qarşısında İranın rəsmi şəxsləri dəfələrlə qucaqlayıb bağrına basıblar”.

0