Xankəndidə ermənilərin Bakıya üz tutmasına bu yolla mane olurlar

SİYASƏT
09:45 / 15.12.2022
2783

Xankəndi-Gorus yolunda baş verənlər fonunda Qarabağdakı separatçılar erməni əhalisinin hərəkətini məhdudlaşdırır. Baş separatçı Araik “hərbi vəziyyətdə bir sıra tədbirlər” adlı “qərar” qəbul edib:

- Qarabağda hərəkət hüquqi məhdudlaşdırılır, bununla bağlı xüsusi rejim tətbiq edilir;
- toplaşmaq azadlığı məhdudlaşdırılır: erməni əhali hansısa məsələyə görə rejimdən xəbərsiz mitinq, yürüş keçirə bilməyəcək;
- “arsax”-a qarşı (yəni separatçı rejimə) qarşı təbliğat dərhal cəzalandırılacaq;
- xüsusi obyektlərin qorunması gücləndirilir və s;

Bu “qərar”ın erməni əhalinin “təhlükəsizliyi” üçün qəbul edildiyi deyilsə də, əslində qondarma rejim daxildə hadisələrin mümkün inkişafının önünü kəsməyi planlaşdırır. Çünki Laçın dəhlizində baş verənlər separatçılarla erməni əhalisi arasında çatları dərinləşdirə bilər.

Birincisi, keçid məhdudiyyəti davam etdiyi müddətdə ərzaq, eləcə də digər təminat problemləri böyüyəcək: humanitar yüklərin daşınmasına şərait yaradılır, lakin qarşıdakı dövrdə erməni əhalisi arasında separatçı rejimin arzulamadığı əhval-ruhiyə yüksələ və sosial problemlərə görə etirazlar başlaya bilər;

İkincisi, mövcud vəziyyətin uzunmüddətli davam etməsi erməni əhalisinin Azərbaycana müraciət etməsini artıra bilər: artıq ilk müraciətlər gəlir, belə müraciətlərin artması separatçı rejimin bölgədəki nəzarət imkanlarını zəiflədəcək;

Qoyulan məhdudiyyətlər rejimin özünüqoruma məqsədinə xidmət edir. Buna qarşı bir neçə istiqamətdə hərəkət etmək olar:

- erməni əhalisinin separatçı rejimə qarşı çıxmasına zəmin yarada biləcək vəziyyəti formalaşdırmaq;
- müxtəlif yollardan əhali ilə birbaşa təmasları gücləndirmək, onların üzləşdiyi problemlərin həllinə bu və ya digər formada dəstək vermək;
- və ermənilərə çıxış yolunun Azərbaycan hakimiyyətini qəbul etmək olduğunu nümayiş etdirmək;

Bu baxımdan, Xankəndi yolunda qurulan çadırlarda təkcə ekologiya ilə bağlı məsələlər yox, həm də Qarabağ iqtisadi rayonunun gələcəyi həll edilir.

Asif Nərimanlı

0