Volkovun şübhəli davranışları və separatçılara himayəçilik etməsi

SİYASƏT
19:24 / 18.12.2022
1092

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində erməni separatçılarının qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək istəyən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda 5 gündür davam edən etiraz aksiyasında yeni tələblərin irəli sürülməsi tamamilə təbiidir. Nə separatçılar, nədəki sülhməramlıların rəhbərliyi bu tələblərə qarşı hər hansı bir irad bildirə bilməzlər.

Aksiya iştirakçıları haqlı olaraq Azərbaycanın suveren torpaqlarında (həmçinin Xankəndi, Xocalı və Xocavənddə) Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarətinin bərpa edilməsini, habelə Laçın istiqamətində Ermənistanla sərhəddə ayrıca sərhəd və gömrük postlarının qoyulmasını tələb edirlər. Bu tələblər bizim üçün həyati əhəmiyyətli, prinsipial tələblərdir. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanatın müddəaları hələ də tam icra olunmadığına görə bu məsələlər də öz həllini tapmayıb.

Azərbaycan xalqı artıq 2 ildən çoxdur ki, 10 noyabr razılaşmasının məlum bəndlərinin icra ediləcəyini gözləyir. Lakin Rusiya sülhməramlıların fəaliyyətsizliyi və onların öz missiyasının öhdəsindən gələ bilməməsi sonda Azərbaycanın ictimai fəallarının hərəkətə keçməsinə və Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlamasına səbəb oldu. Sülhməramlılar birmənalı olaraq bilməlidirlər ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarımızın keçirdiyi bu etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Bizim xalqın səbri limitsiz deyil. Ona görə də Rusiya sülhməramlılarının rəhbərliyi xalqımızın gözləntilərinə və vətəndaş cəmiyyətinin mövqeyinə hörmətlə yanaşmalıdır.

Yeri gəlmişkən, sülhməramlıların komandanı general Andrey Volkovun şübhəli davranışları və separatçılara himayəçilik etməsi gərginliyin yaranmasında və aksiyanın başlanmasında əsas rol oynayan amillərdən biri olub. Bu mənada aksiyaçıların əsas tələblərindən biri də məhz Rusiya sülhməramlılarının rəhbəri general Volkovun əraziyə gəlməsindən ibarətdir. Aksiyaçılar bu ermənipərəst generaldan öz dövlətinin liderinin – Vladimir Putinin imzasına hörmətlə yanaşmağı və 2020-ci ildə bağlanmış üçtərəfli bəyanatın şərtlərinə riayət edilməsini tələb edirlər.

Sözügedən aksiyanın bir digər səbəbi isə artıq hər kəsə məlumdur. Bu da Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqinin növbəti təxribat nəticəsində baş tutmaması ilə bağlıdır. Hərçənd ki, sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunmuşdu. Lakin sonradan sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı bu monitorinqin baş tutmasına imkan vermədi. Bizim monitoriq heyətimizin Rusiya sülhməramlılarının gözü qarşısında Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə girişinə maneə törədildi.

Başqa sözlə desək, separatçılar və sülhməramlılar ekoloqlarımızın faydalı qazıntı yataqlarını yoxlamaq istəyindən narahat oldular, ona görə də təxribata əl atdılar. Bunu görən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirməkdən və sülhməramlıların fəaliyyətsizliyinə tənqidi münasibət sərgiləməkdən başqa bir yolu qalmadı. İndi Rusiya mediasının və Ruben Vardanyan kimi “oyuncaq” fiqurların durub Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədlərini qəsdən təhrif etmələri onsuz da əsl həqiqəti dəyişmir.

Sülhməramlılar özləri də çox gözəl bilirlər ki, bu aksiya məhz onların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə görə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar tərəfindən təşkil olunub. Buna başqa don geyindirmək lazım deyil. Sülhməramlılar prosesi süni surətdə uzatmaq əvəzinə, bir an öncə aksiyanın tələblərini yerinə yetirməyə başlamalıdırlar. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dərhal dayandırılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Birdəki, həm Rusiya mediası, həm də Ermənistanın rəsmi dairələri aksiyanın Qarabağda yaşayan mülki ermənilər üçün hər hansı bir təhdid yaratması barədə absurd iddiaları tirajlamaqdan əl çəkməlidir. Burada mülki ermənilərə qarşı heç bir təhlükədən söhbət belə gedə bilməz. Çünki bu aksiya hər şeydən öncə sülh aksiyasıdır və biz mülki ermənilərə öz vətəndaşlarımız kimi yanaşırıq. Ona görə də guya, aksiya səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatının bizim tərəfimizdən dayandırılması ittihamı da tamamilə əsassızdır.

Yeri gəlmişkən,“Azəriqaz” da bu ittihamı rədd etdi. Çünki sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı hələki Azərbaycan tərəfindən yox, Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Ona görə də bu məsələdə günahlandırılası yeganə tərəf varsa da, o da elə Ermənistanın özüdür. Həyasızlığın bu dərəcəsinə yol verib Azərbaycanı qaz təchizatını kəsməkdə ittiham etmək yalnız Ermənistan rəhbərliyinə və Ruben Vardanyan kimi imperiya nökərlərinə yaraşan xüsusiyyətdir. Dünya birliyini bu cür dezinformasiyalarla aldatmaq heç bir əxlaqi, etik normalara sığmır.

Biz ümid edirik ki, dünya ictimaiyyəti aksiya iştirakçılarının guya, Laçın yolunu bağlayaraq Xankəndində və ətraf ərazilərdə yaşayan ermənilərin blokadaya alınması, humanitar fəlakətə və ya etnik təmizləməyə məruz qalması haqqında Ermənistanın təbliğat maşının uydurduğu yalanlara inanmayacaq. Əsl həqiqətin erməni tərəfinin və Rusiya mediasının uydurduğu kimi deyil, tam fərqli biçimdə olduğunu ən azından dünya ekoloji təşkilatlarının təmsilçiləri gəlib yerindəcə yoxlaya bilərlər. Ermənistan və Rusiyanın qeyri-obyektivliyi zatən hər kəsə bəllidir. Ona görə də dünya birliyi Laçın-Xankəndi yolunda baş verən proseslərə Ermənistan və Rusiyanın “pəncərə”sindən baxmamalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

0