Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

SİYASƏT
16:09 / 22.12.2022
796

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilib.

Fərmanla müəyyən edilib, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (bundan sonra – səlahiyyətli nümayəndə) rəhbərlik edir.

Eyni zamanda, səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prezidentin digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

0