Araik və Ruben gedir, Bakı Xankəndinə nümayəndə təyin edir - Ermənistan mediası

SİYASƏT
11:41 / 15.01.2023
706

Qarabağda separatçı rejimin “rəhbərliyi” – Araik Arutyunyan və Ruben Vardanyan istefaya gedir. Eyni zamanda, qondarma “milli təhlükəsizlik xidmətinin direktoru” Armen Akopcanyan da “postu”ndan uzaqlaşdırılır.

Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazıb.

Məlumata görə, A.Arutyunyan qondarma rejimin keçmiş “rəhbəri” Bako Saakyanla “dövlət naziri”nin dəyişdirilməsi məsələsini müzakirə edib. Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var.

“Vardanyan Araik Arutyunyanın xahişi ilə gedir. Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda “siyasi qüvvələr” buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Araik Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. Eyni zamanda, “milli təhlükəsizlik xidmətinin direktoru” da “postun”dan göndərilir”, - nəşr yazır.

İstefa verəcəyi xəbərləri yayıldıqdan sonra Ruben Vardanyan “Facebook” profilində bunu təkzib edib və “hər kəsi birliyə” çağırıb. Əlavə edib ki, “Araik Arutyunyanın və parlamentin də istefası qəbul edilən deyil”.

Qeyd edək ki, separatçıların qondarma “parlamenti”nin, o cümlədən, Arutyunyanın da istefaya gedəcəyi haqda məlumatlar yayılıb. Bu məlumatlara istinadən irəli sürülən versiyalardan biri belədir ki, bununla rejim tamamilə ləğv olunacaq. Separatçı “parlamentin spikeri” Artur Tovmasyan “İravunk” qəzetinə açıqlamasında qondarma rejimdə növbədənkənar “parlament” və “prezident” “seçkiləri”nin olacağını istisna etməyib. Onun bu açıqlaması yayılan məlumatları da dolayısı ilə təsdiq edib.

R.Vardanyan israrla məlumatları təkzib etsə də, “MediaHub” teleqram kanalı onun bu gün istefa verəcəyi haqda məlumat yayıb.

“Hraparak” nəşri isə yazır ki, məsələ R.Vardanyandan “daha böyük yerdə” həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin “rəhbərliyi” Qarabağı tərk edəcək.

“Vardanyanın “istefa verməyəcəm” açıqlaması əslində pası Araik Arutyunyana atmaqdır, o istəyir ki, məsələyə Arutyunyan aydınlıq gətirsin. Mənbələrimiz bildirir ki, Vardanyanın istefasının alternativi yoxdur. Arutyunyan da gedir, lakin o siyasi qüvvələri inandırmağa çalışır ki, istefa verdikdən sonra “parlament və prezident seçkiləri”ni təşkil edəcək, halbuki, mövcud “konstitusiya və qanunlar” ona belə bir imkanı verməyəcək. Siyasi qüvvələr hesab edirlər ki, istefalardan və “parlamentin” buraxılmasından sonra Azərbaycan öz istəyinə çatacaq və Qarabağı Bakıdan təyin olunan nümayəndə idarə edəcək”, - nəşr yazır.//Publika.az 

0