Xankəndidən İrəvana gizli yolla necə getmək olar?

SİYASƏT
13:22 / 15.01.2023
1441

irinci Qarabağ müharibəsində kəşfiyyatçı olmuş polkovnik: “Həmin ərazi hal-hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km aralıdadır”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz beş gündür davam edir.

Ötən ilin dekabrın 12-dən başlayan aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Məlumdur ki, Xankəndidən İrəvana getmək üçün ermənilər aksiya keçirilən ərazidən keçməlidirlər. Bu, Qarabağdan Ermənistana getmək üçün yeganə yol hesab olunur. Amma bir müddətdir ki, belə iddialarda var ki, Xankəndidən çıxmaq üçün başqa yollar da var. Amma bu yolu hamı bilmir. Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov hafta.az-a açıqlamasında həmin yollar haqda danışıb.  

Qeyd edək ki, Azay Kərimov Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olub. Bu səbəbdən həmin gizli yollara bələddir. “Xankəndindən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxır” deyən A.Kərimov  belə davam edib: “Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu... Digər asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yol ayrıcı var.  Biri sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni  Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə- asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.

A.Kərimovun dediyinə görə,  Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hal-hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır: “Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim  yaşamır. Və həmin ərazidən  keçən yollara  nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür...”

A.Kərimov iddiasına görə, separatçıların rəhbərləri aksiyaçılarımızın görə bilmədiyi arxa ərazidən keçərək  Xankəndindən İrəvana və əksinə, bu yolla gedib-gəlirlər: “Bu yolla  uzun ölçülü “TIR” tipli maşınlar hərəkət edə bilməsə də, “KaMAZ” “Ural”, “ZİL” maşınlar üçün daha uyğundur. “UAZ”, salonlu “UAZ” və “CİP”, “NİVA”  tipli maşınlar isə yetərincə surətlə hərəkət edə bilərlər. Və əlbəttə, ciddi ehtiyac olanda həmin yolla Xankəndinə silah-sursat da, canlı qüvvə də, yaxud mitinqdə iştirak etmək üçün Vardanyanın sponsorluğuyla Ermənistandan bir neçə günə minlərlə erməni də daşıya bilərlər.”

0