Bakının bu 3 tələbi yerinə yetirilməsə…

SİYASƏT
13:30 / 26.01.2023
1752

Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə hələ də qalan separatçılar ekofəalların Laçın yolunda keçirdiyi aksiyanın dayandırılması məqsədilə iki istiqamətdə oyun qurur:

- Qarabağda yaşayan erməni əhalisinin “humanitar fəlakət”lə üzləşdiyi görüntüsü yaradır;

- Azərbaycana qarşı beynəlxalq təzyiq dalğasına nail olmağa çalışır.

Məsələni BMT Təhlükəsizlik Şurasından tutmuş Avropa Parlamentinə qədər müxtəlif platformalara daşıyır, siyasi-diplomatik yollarla təzyiq etməyə cəhd edir, beynəlxalq mediada kampaniya təşkil edirlər. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir qüvvə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilməz.

Birincisi, bütün proseslər Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərində baş verir;

İkincisi, aksiya iştirakçıları Laçın yolunda humanitar yüklərin daşınması və mülki şəxslərin keçidinə şərait yaradır, ermənilərin “blokada” iddialarını əyani şəkildə alt-üst edirlər;

Üçüncüsü, Azərbaycan dövləti vətəndaşların haqlı etirazı və tələblərini dəstəkləyir.

Bu üç amil, xüsusilə suveren ərazilərimizə nəzarət hədəfinə nail olmaq məsələsində Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və xalqın bu mövqeyi qeyd-şərtsiz dəstəkləməsi beynəlxalq təzyiq dalğasının önündə əsas qalxana çevrilib.

Fransa-Ermənistan cütlyünün BMT Təhlükəsizlik Şurasında bəyanatın qəbul edilməsi planı baş tutmasa da, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar üzərindən edilən siyasi-diplomatik cəhdlər səngimir. Lakin Bakı geri çəkilmir və artıq şübhə yoxdur ki, hansısa beynəlxalq təşkilatın, yaxud ölkənin təzyiqi vəziyyəti dəyişməyəcək. Bu baxımdan, Avropa Parlamentində qəbul edilən qətnamə də kağız parçasından başqa bir şey deyil.

Proseslərin məntiqi sonluğu tələblərin yerinə yetirilməsi ilə nəticələnməlidir. Prezident İlham Əliyev dövlət katibi Entoni Blinkenlə telefon söhbətində də bəyan etdi ki, aksiya iştirakçılarının haqlı tələbləri yerinə yetirilməlidir.

Əliyevin Vaşinqton qarşısında da qətiyyətli mövqeyi bir daha təsdiq etdi ki, tələblər yerinə yetirilmədiyi müddətdə aksiya davam edəcək. Aksiya yalnız üç əsas tələb icra edildiyi müddətdə dayandırıla bilər.

Birinci tələb: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın suveren ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir;

“Dəmirli” və “Qızılbulaq” yataqları 2012-ci ildən etibarən “Vallex group”a daxil olan “Base Metals” tərəfindən qanunsuz olaraq istismar edilir. Qanunsuz istismar bölgədə ekoloji terrora da səbəb olub. Heç bir ekoloji qayda gözləmədən mədənləri istismar edən “Base Metlas” şirkəti ətraf mühit böyük ölçüdə çirkləndirilib. Bu müddət ərzində Azərbaycanın təbii sərvətləri talanmaqla yanaşı, erməni əhalisinin sağlamlığı üçü də təhlükəli vəziyyət yaranıb. Məlumatlara görə, mədən yaxınlığındakı kəndlərdə yaşayan ermənilər ərazini tərk etməyə məcbur olublar. Ərazidəki əkin və otlaq sahələri yarasız hala düşüb.

Ekofəalların Laçın yolunda keçirdiyi aksiyanın tələblərinin yerinə yetirilməsi həm də bölgədə yaranan ekoloji fəlakətin qarşısını almaqla nəticələnəcək.

İkinci tələb: Laçın yolu üzərində Azərbaycanın nəzarət mexanizmlərinin yaradılması təmin edilməlidir;

Ermənistandan fərqli olaraq Azərbaycan 10 noyabr razılaşmasında tələblərini icra edir və müharibədən sonra ermənilər Laçın yolundan istifadədə də heç bir maneə ilə üzləşməyiblər. Lakin son iki ildə Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə edildiyini təsdiq edən onlarla fakt var: erməni hərbçilərin, silah və sursatın, eləcə də minaların Qarabağa daşınması həyata keçirilib; bir sıra ölkələrdən siyasi və digər məqsədlər üçün bölgəyə qanunsuz səfərlər təşkil edilib; mülki əhali üçün nəzərdə tutulan yoldan bölgədə hələ də qalan separatçı-terrorçu rejim öz məqsədləri üçün istifadə edir; yataqların istismarından əldə olunan faydalı qazıntılar da məhz Laçın yolundan daşınır.

İndiyə qədər Azərbaycan buna qarşı haqlı etirazları nəzərə alınmır, Rusiya sülhməramlılarının yaratdığı şəraitdən istifadə edən Ermənistan və üçüncü ölkələr Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə etməyə davam edir. Yeganə çıxış yolu Laçın yolunda Azərbaycanın nəzarət mexanizmlərinin yaradılmasıdır. Bu, yoldan qeyri-humanitar məqsədlər üçün istifadənin qarşısını almaqla yanaşı, erməni əhalisinin gediş-gəlişini də asanlaşdıracaq. Çünki Ermənistanın, separatçı-terrorçu rejimin və üçüncü ölkələrin yoldan siyasi, hərbi və digər məqsədlər üçün istifadəsi mülki əhalinin keçidinə də problemlər yaradır.

Üçüncü tələb: Ruben Vardanyan Azərbaycanın suveren ərazisini tərk etməlidir, çünki bu şəxs bölgədə uzunmüddətli sülhü və mülki erməniləri təhlükə altına atır;

Rusiyadan bölgəyə göndərilən Ruben Vardanyan hər şeydən öncə Qərbin, xüsusilə ABŞ-ın sülh təklifini sabotaj edir. Vaşinqton təklif edir ki, rəsmi Bakı Qarabağdakı erməni əhalisi ilə təmaslar yaratsın və mülki əhalinin hüquq və təhlükəsizliyini təmin etsin. Azərbaycan bu təkliflə razıdır və daha öncədən mülki ermənilərlə qeyri-formal təmaslar olub. Vardanyanın bölgəyə gəlişi də məhz Vaşinqtonun təklifindən sonra həyata keçirildi və məqsəd Bakının erməni əhalisi ilə təmaslarında onun “təmsilçi” olması, beləliklə, ABŞ-ın təklif etdiyi prosesdə nəzarətin Rusiya tərəfindən ələ alınmasına nail olmaqdır. Çünki rəsmi Bakı beynəlxalq axtarışa verdiyi separatçı rejimin “rəhbərləri” ilə masaya əyləşmir. Vardanyan da məhz erməni əhalisi ilə qurulan təmaslarda Rusiyanın maraqlarına uyğun təşəbbüsü ələ almaq, həm Vaşinqtonun sülh təşəbbüsünü sıradan çıxarmaq, həm də erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaq missiyasını həyata keçirir.

Azərbaycandan Laçın yolundakı aksiyanın dayandırılmasını istəyən ABŞ başda olmaqla kollektiv Qərb bu məqamı da unutmamalıdır.

Qarabağdakı erməni əhalisinin “humanitar fəlakət”lə üzləşdiyi iddialarına dəstək verən Qərb ölkələri və beynəlxalq təşkilatların gerçək hədəfi əhalinin problemləridirsə, o zaman, bu problemlərin əsas yaradıcısı olan Vardanyanın göndərilməsi tələbini nəzərə almalıdırlar. Çünki Vardanyan erməni əhalisini sözün gerçək mənasında humanitar fəlakətlə üz-üzə qoyub:

- Ərzaq məhsullarının bazara çıxarılmasının qarşısını alır, mağazalarda piştaxtaları boşaldır;

- Mağazalarda az sayda saxlanılan ərzaq məhsullarının talonla verilməsi sistemini təşkil edib;

- Qazın və elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edib;

- “Hərbi rejim” tətbiq etməklə erməni əhalisinin hərəkət traektoriyasını məhdudlaşdırıb və bununla həm baş verənlərə görə etirazların qarşısını alır, həm də əhalinin Bakıdan yardım istəməsinə imkan vermir;

- Son dövrlər başlanan “casus ovu” da Vardanyanın erməni əhalisinin Azərbaycana inteqrasiya etmək istəyinə qarşı tətbiq etdiyi cəza üsullarındandır.

Erməni əhalisini girov olaraq saxlayan Ruben Vardanyan Azərbaycanın yardım etməsinə də imkan vermir. Azərbaycan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə bildirib ki, Xankəndi əhalisi üçün ərzaq ərzaq lazımdırsa, Tərtər və Bərdədən ərzaq təminatı təşkil oluna bilər, lakin bu, Vardanyanın “blokada şousu”na sərf etmədiyi üçün imtina edilir. Təsadüfi deyil ki, artıq Vardanyana qarşı ermənilərin narazılığı artır və bunu açıq şəkildə dilə gətirirlər. Misal üçün, qondarma rejimin keçmiş “nazirləri”ndən biri Mikael Hayriyan bildirib ki, Vardanyan Qarabağdakı erməniləri öz ambisiyalarının əsirinə çevirir.

“Bir neçə ay əvvəl Ruben Vardanyan nümayişkərana şəkildə Rusiya vətəndaşlığından imtina etdi və “bizi xilas etmək üçün” gəldi. Üç ay sonra anladıq ki, o, öz ambisiyaları naminə hər kəsi çətin vəziyyətə salıb”, - Hayriyan deyir.

Vardanyan ermənilərin etiraz səsini də müxtəlif yollarla boğur və əhalinin Azərbaycana inteqrasiyasına imkan vermir. Hərçənd, artıq ermənilər də anlayır ki, onların gələcəyi, normal vətəndaş kimi yaşamaq imkanı Azərbaycanla birgə olmaqdan keçir. Bu baş vermədiyi müddətdə nə normal həyatları, nə də gələcəkləri olacaq. Laçın yolunda aksiyanın başlanmasından sonra ermənilər bu perspektivi daha aydın şəkildə görməyə başladı. Ruben Vardanyanın əsas missiyası məhz bu perspektivin qarşısını almaq, özünün və onu bölgəyə gödərənlərin ambisiyaları naminə erməni əhalisini girov olaraq saxlamaqdır. Onun Azərbaycan ərazisindən çıxarılması sülhün davamlılığı ilə yanaşı, həm də erməni əhalisinin hüquq və azadlığının təmin edilməsi üçün vacibdir. Laçın yolundakı aksiyaya görə Bakıya təzyiq edənlər erməni əhalisinin hüquq və təhlükəsizliyini düşünürlərsə, Vardanyan faktorunu aradan qaldırmalıdırlar. Və anlamalıdırlar ki, tələblər icra edilmədiyi - Vardanyan getmədiyi, mədənlərə çıxış təmin edilmədiyi, Laçın yolunda Azərbaycanın nəzarət mexanizmləri yaradılmadığı müddətdə aksiya davam edəcək. Heç bir təzyiq Azərbaycan dövlətini və xalqını öz suveren haqlarından imtina etməyə məcbur edə bilməz.

Asif Nərimanlı

0