Türkiyə və Rusiya səfirliyimizə hücumu pislədi

SİYASƏT
11:27 / 27.01.2023
688

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

HİT.Az xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Nazir “Twitter“də də paylaşım edib: “Can Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirəm. Şəhid qardaşımıza allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlı, yaralananlara təcili şəfalar diləyirəm. Azərbaycan heç bir zaman tək deyil”.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib: “Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik".

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

0