Azərbaycanda qadınlar siyasətdə niyə az təmsil olunur? - İLGİNC SƏBƏBLƏR

SİYASƏT
10:40 / 02.03.2023
1305

Azərbaycan siyasətində gender balansına nəzər salsaq, vəziyyətin kişilərin xeyrinə olduğunu görə bilərik. İstər siyasi partiyalar, istərsə də idarəetmədə yüksək vəzifələrdə təmsil olunan şəxslər arasında durum qeyd olunduğu kimidir.

Məsələn, ölkəmizdə 59 siyasi partiya fəaliyyət göstərir ki, onlardan cəmi birinə qadın rəhbərlik edir. Milli Məclisin tərkibində isə qadınların nisbəti 20 faizdən də azdır. Nazirlər Kabinetində isə yalnız bir qadın rəhbər mövcuddur. Söhbət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadan gedir.

Bəs, ölkəmizdə qadınların siyasi arenada kişilərə nisbətdə xeyli az təmsil olunmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımlı qeyd edib ki, hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur: 

“Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib".

Partiya sədrinin fikrincə, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. O vurğulayıb ki, statistik rəqəmlər də bu fikri özündə ehtiva edir: 

"Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ən ön sıralardadır. Həmçinin həmin sahələr üzrə rəhbər vəzifədə çalışan qadınlarımızın da sayı çoxdur. Sevindirici haldır ki, son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür”.

Partiya sədri əlavə edib ki, bu gün Azərbaycan siyasi sferasında da qadınların iştirakı səviyyəsi artıb. 

“Bu gün bir sıra partiyalarda mühüm postları qadınlar tutur. Seçkili orqanlarında isə qadınların təmsilçiliyi ildən-ilə artmaqdadır”.

Sosioloq Ağasəlim Həsənovun fikrincə isə, bu vəziyyət təkcə siyasi arenada müşahidə olunmur:

“Qadınların kişilərdən daha az rəhbər vəzifə tutması Şərq cəmiyyətində qadına olan ənənəvi baxışdan qaynaqlanır. Ümumiyyətlə, İslam Şərqində Azərbaycan bu cəhətdən ilkə imza atmış ölkədir. Hələ 1918-ci ildə parlament formalaşarkən, Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək, seçilmək hüquq verildi. Həmin dövrdə bir çox Qərb ölkələrində belə qadınlara bu hüquq verilməmişdi. Deməli, biz tariximizdən yaxşı örnəkləri götürüb, gələcəyə baxmalıyıq”.

Sosioloq partiyalarda, parlamentdə və yüksək dövlət vəzifələrində təmsil olunma baxımıdan gender balansının kəskin şəkildə kişilərin xeyrinə olduğunu vurğulayıb:

“Bu heç də təqdirolunan hal deyil. Çünki Azərbaycan Konstitusiyası qadınlara kişilərlə bərabər hüquqlar tanıyır. Gender balansının pozulmasının başlıca səbəbi isə tarix boyu Şərq cəmiyyətlərində kişilərin qadınlardan öndə olması ilə bağlı formalaşan fikirlərdir. Təəssüf ki, bu ideyalar indi də davam edir. Ancaq bu vəziyyətin dəyişməsinə ehtiyac var. Düşünürəm ki, hərbi-güc strukturları istisna olmaqla, bütün digər sahələrdə, eləcə də siyasi fəaliyyətdə də qadınların rolu artmalıdır.

Lakin əksər müsəlman ölkələrində olmuş və araşdırmalar aparmış biri kimi deyə bilərəm ki, Azərbaycan dövləti və xalqı digərlərindən daha moderndir. Eyni zamanda, siyasi fəaliyyətdəki gender disbalansı aspektindən Qərb ölkələrindən geri qalsaq da, vəziyyət heç də acınacaqlı deyil”

Ağasəlim Həsənov gender bərabərsizliyində müsbət dəyişikliklərə nail olmaq üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb.  

0