İsveç Futbol Federasiyası bu gün Stokholmda Azərbaycana qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda mümkün erməni təxribatına imkan verməyəcək.
Hit.az-ın məlumatına görə, bu barədə qurumun Təhlükəsizlik Departamentinin rəhbəri Martin Fredman "fotbollskanalen.se" saytına açıqlamasında deyib.
O bildirib ki, matçın oynanılacağı "Frends Arena"da hər hansı siyasi aksiyanın təşkilinə mane olmağa çalışacaqlar: "Məndə təqribən üç həftə əvvəl bununla bağlı məlumat var idi. Həm təhlükəsizlik xidmətinin, həm də hüquq-mhüafizə orqanlarının əməkdaşları ilə danışmışıq. Bilet alışlarını yoxlayırıq. Prinsipcə, arena daxilində bu cür hərəkətləri son dərəcə məhdudlaşdırmışıq. Təfərrüata varmağa ehtiyac görmürəm".
Fredman stadionun girişində ənənəvi yoxlanış olacağını söyləyib: "Bilirsiniz ki, hər hansı banner və ya şüar yazılmış kağızları tapmaq asan deyil. Oyun vaxtı müəyyən şüarlar səsləndirilə, bu isə gərginliyi artıra bilər. Amma bunun üçün də müəyyən planımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Narahatlıq üçün heç bir əsas yoxdur. Təbii ki, biz hansısa neqativ hadisənin yaşanmasını istəmirik. Amma belə bir şey baş verərsə, dərhal qarşısı alınacaq".
O, mümkün təxribatla bağlı təhlükəsizlik əməkdaşlarının sayının artırılmayacağını əlavə edib: "Buna ehtiyac görmürük. Çünki hazırkı heyət öz işinin öhdəsindən layiqincə gəlməyə qadirdir".