Sağlam dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb

SİYASƏT
19:38 / 28.03.2023
553

Siyasi sistemlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributları hesab edilir. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlamışdır. Xüsusilə Ulu Öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra siyasi partiyaların sərbəst fəaliyyətinə geniş imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, hazırda ölkədə 50-dən çox siyasi partiya, 4000-dən çox GHT və İctimai Birliklər fəaliyyət göstərir.

Ölkəmizdə siyasi mühitin üzvləri təkcə siyasi partiyalar hesab edilmir. Bu gün GHT-lər və İctimai Birliklər də öz növbəsində siyasi fəaliyyətin iştirakçılarıdır və onların da bir çox məsələlərdə fərqli mövqeləri və baxışları vardır. Bir qayda olaraq GHT və İB-lər dialoqa daha meylli qurumlar kimi tanınır və ona görə də bu qurumların fəaliyyəti dialoq mühitinin formalaşmasında pozitiv komponent kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini hər zaman vurğulayıb və sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edib: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır.

Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.” Bu gün Ölkə başçısının dialoq təşəbbüsləri Azərbaycanda demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, birmənalı qeyd etməliyik ki, Ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Təsadüfi deyil ki, qısa  müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. “Siyasi partiyalar haqqında” yeni Qanun proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir.

Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Bu gün bütün müxalif qüvvələr bilməlidirlər ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Bu faktdır ki, siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün də şərait yaratmışdır. İnanırıq ki, iqtidarın bu təşəbbüsü bütün siyasi qüvvələr tərəfindən düzgün qiymətləndiriləcək, davamlı siyasi dialoq mühiti ümumi inkişafa səbəb olacaqdır.

Asif Bayramov;
Neftçala rayon sakin

0