İran XİN rəhbəri: “Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”

SİYASƏT
16:52 / 29.03.2023
393

“Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Tehranda “3+3” platformasının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər: “Bütün tərəflər siyasi alətlərdən istifadə etməlidir. Regionda iqtisadi imkanların çiçəklənməsi üçün dayanıqlı sülhə doğru getməliyik”.

Xatırladaq ki, “3+3” formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ötən il dekabrın 10-da Moskvada “3+3” formatı çərçivəsində ilk iclas keçirilib. İclas Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko, Azərbaycan XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan və İranın Xarici İşlər Nazirliyinin Avrasiya üzrə Baş direktoru Əlirza Həqiqiyanın həmsədrliyi ilə keçirilib. Gürcüstan görüşdə iştirakdan imtina edib.

0