“Azərbaycan və Pakistan ticarət dövriyyəsinin daha da artırılması və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atır”.
Bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabad Universitetində təşkil edilən "Azərbaycan-Pakistan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" mövzusuna həsr olunmuş seminarda deyib.
Onun sözlərinə görə, Azərbaycanın İT və əczaçılıq sənayesi sahəsində Pakistandan olan ixtisaslı kadrların xidmətinə ehtiyacı var.
"Azərbaycanlılar, xüsusən də tələbələr Pakistanın dövlət dili olan urdu dilini və ölkənizin mədəniyyətini öyrənməyə böyük maraq göstərirlər", - o əlavə edib.
Səfir vurğulayıb ki, Pakistan və Azərbaycan tarixi, mədəni və dini bağları olan iki qardaş müsəlman ölkəsidir: “Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir, bu məsələni BMT səviyyəsində qaldırır və onun BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsini tələb edir”.
X.Fərhadov sonda Pakistan və Azərbaycan universitetləri arasında sıx əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.