Ermənistan parlamentində deputatlar arasında dava düşüb

SİYASƏT
14:33 / 31.03.2023
363

Ermənistan parlamentində deputatlar arasında dava olub.

Hit.az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” parlament fraksiyasından bildiriblər.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş Prezident Robert Koçaryanın liderlik etdiyi “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Mqer Saakyanı qanunverici orqanın binasından çıxarıblar.

Parlamentin sədri Alen Simonyan da hadisə zamanı fraksiyanın iş otağında olub. Kabinetdən qışqırıq və hay-küy səsləri eşidilib.

A.Simonyan jurnalistləri hadisə yerindən uzaqlaşdırmaqla bağlı göstəriş verib.

Hakim Mülki Müqavilə Partiyası parlament fraksiyasının rəhbəri Hayk Koncoryan feysbuk səhifəsində insidentlə bağlı məlumat yayıb. Bildirib ki, “Ermənistan” blokundan olan deputat Mqer Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edib:

“Parlamentin Dövlət və hüquq məsələləri üzrə Daimi Komissiyasında qapalı müzakirə zamanı “Ermənistan” blokundan olan deputat Mqer Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edərək onu vurub, bədən xəsarətləri yetirdikdən sonra qaçıb”.

Hayk Kocoryan bu hadisəni “biabırçı xuliqanlıq”, “cinayət əməli” adlandıraraq ona hüquqi qiymət verilməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalifət olan “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Başqa bir müxalif fraksiya isə “Şərəf duyuram” adlanır. Ona Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edir. Hər iki fraksiyanı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan dəstəkləyir.

0