Borel Kuleba ilə Ukraynaya yardımı müzakirə edib

SİYASƏT
11:20 / 04.04.2023
540
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Kiyevə dəstək verilməsi məsələlərini müzakirə etmək üçün aprelin 3-də Brüsseldə ukraynalı həmkarı Dmitro Kulebanı qəbul edib. Hit.az xəbər verir ki, bu barədə Avropanın baş diplomatı tviterdə yazıb. “Dostum Dmitro Kulebanı bu axşam (aprelin 3-də - red.) Aİ-nin Ukraynaya dəstək üzrə işini nəzərdən keçirmək üçün Aİ xarici işlər xidmətinin iqamətgahında salamlamaqdan məmnunam. Biz nə qədər lazımdırsa, o qədər də Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - Borel sosial şəbəkədə qeyd edib. Onun sözlərinə görə, digər vəzifə Rusiyaya təzyiq göstərməkdir ki, onu savaşı dayandırmağa məcbur etsin. Xatırladaq ki, Kuleba aprelin 4-5-də NATO-ya üzv ölkələrin diplomatik missiya rəhbərlərinin görüşündə iştirak etmək üçün Brüsselə gəlib. Danışıqların əsas mövzularından biri Ukraynaya yeni hərbi yardımın göstərilməsi və bu ölkəyə dəstək üçün çoxillik proqramın hazırlanması olacaq. Aprelin 3-də bu görüşdən əvvəl Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna müharibədə qalib gələnədək Alyansa qoşulması barədə danışmağın mənası yoxdur, lakin, eyni zamanda, blok savaşın dayandırılması halında belə, Kiyevi mümkün olan ən geniş hərbi dəstəklə təmin etmək niyyətindədir. Borel həmçinin NATO-nun nazirlər toplantısına da dəvət olunub.
0