Şimali Koreya dördüncü gündür ki, Cənubi Koreya ilə rabitə xətləri üzrə zənglərə cavab vermir

SİYASƏT
17:40 / 10.04.2023
835

Koreya Xalq Demokratik Respublikasının nümayəndələri artıq dördüncü gündür ki, koreyalararası rabitə xətlərində səhər zənglərinə cavab vermirlər.

Hit.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Pxenyan nümayəndələri hərbi xətt və koreyalararası əlaqə idarəsi vasitəsilə səhər zənglərinə cavab verməyiblər. Tərəflər gündə iki dəfə zəngləşirlər. Hərbi xətdən fərqli olaraq, həftə sonları koreyalararası idarə vasitəsilə əlaqə dəstəklənmir.

Şimali Koreya naməlum səbəbdən cümə günü Seuldan gələn zənglərə cavab verməyi dayandırıb. Koreya Respublikasının hakimiyyət orqanları bunun KXDR tərəfindəki texniki problemlərlə bağlı ola biləcəyini istisna etməyib. 2022-ci ilin iyun ayında Pxenyan güclü yağışlar nəticəsində yaranan nasazlıqlar səbəbindən əlaqəni dayandırıb.

Bəzi ekspertlər hesab edirlər ki, Pxenyan bununla ABŞ və Koreya Respublikasının təlimlərinə, həmçinin Seulun KXDR-dəki insan haqları məsələsində siyasi təzyiqinə etiraz edir.

0