İlham Əliyev Avropa İttifaqına Qazaxın 7 kəndi ilə bağlı nə deyib?

SİYASƏT
13:12 / 17.04.2023
820

Prezident İlham Əliyev Avropa İttifaqının Ermənistanda yerləşən müşahidə missiyasının Qazaxın işğal altında qalan kəndlərinə – anklavlara səfər etməsini, oradakı vəziyyəti öyrənməsini istəyib.

Publika.az xəbər verir ki, bu məlumat “blankspot” saytının Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə apardığı müsahibə zamanı ortaya çıxıb.

Müsahibə martın 23-də alınıb, sayt isə Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağa həsr olunmuş məqaləni 13 apreldə dərc edib. Ermənistanın mövqeyinin müdafiə olunduğu məqalədə İlham Əliyevin Aİ-dən anklavlarla bağlı istəyinə dair məqam diqqət çəkir.

M.Ritter deyir ki, sərhəd bölgəsində patrul aparmaqla bağlı planları haqda bir həftə öncə Bakıya məlumat verirlər.

“Bu məlumatlar Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə ötürülür. Məqsəd anlaşılmazlığın və xoşagəlməz hadisələrin qarşısını almaqdır. Bizim Azərbaycanla ünsiyyətimiz bu cür qurulur”, - missiyanın rəhbəri deyib.

Missiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə gəlincə, M.Ritter indiyə qədər bir nümunənin olduğunu bildirib: “Bir neçə həftə əvvəl Prezident İlham Əliyev Toivo Klaar vasitəsilə missiyanın Ermənistanın şimalındaklı Azərbaycan anklavlarına səfər etməsi xahişini çatdırıb”.

Sayt Toivo Klaarla da danışıb. Aİ-nin region üzrə nümayəndəsi bildirib ki, bu kəndlər delimitasiya-demarkasiya prosesinin bir hissəsidir.

“Esklavlar hər iki tərəflə müzakirə olunub və onların sərhəd danışıqlarında potensial problemə çevrilə biləcəyi üçün missiyanın oraya səfəri vacib hesab olunub”, - Klaar qeyd edib.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də erməni işğalında qalır. Rəsmi Bakı 8 kəndin sərhədin delimitasiyası çərçivəsində qaytarılması tələbində israrlıdır.

0