Qapalı danışıqların detalları: İrəvan Qarabağdan imtina etdiyini rəsmən elan edir

SİYASƏT
21:34 / 17.04.2023
1342

Ermənistan hökuməti 2022-ci ildən indiyə qədər Azərbaycanla aparılan danışıqların təfərrüatlarını açıqlayıb.

Danışıqların 5 istiqamətdə həyata keçirildiyi bildirilir:

1. Ermənistan-Azərbaycan sülh müqaviləsi;
2. “Qarabağ problemi”nin həlli;
3. Nəqliyyatın blokadadan çıxarılması və iqtisadi kommunikasiyaların yaradılması;
4. Sərhədlərin demarkasiyası və təhlükəsizlik;
5. Humanitar məsələlər;

Bu məsələlələr Avropa İttifaqı Şurası prezidentinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə müzakirə edilib: Brüssel formatı – 6 aprel, 22 may və 31 avqust 2022-ci il;

Aİ Şurasının prezidenti və Fransa prezidentinin vasitəçiliyi ilə 2 dörtərəfli görüş keçirilib: biri uzaqdan, digəri 2022-ci ilin 6 oktyabr tarixində Praqda baş tutub;

Rusiya prezidentinin vasitəçiliyi ilə bir üçtərəfli görüş keçirilib: Soçi - 31 oktyabr, 2022-ci il;

ABŞ dövlət katibinin vasitəçiliyi ilə bir üçtərəfli görüş keçirilib: Münhen – 18 fevral 2023-cü il;

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqorya və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ və Aİ-nin vasitəçiliyi ilə 4 dəfə görüşüblər.

Hesabatda qeyd olunur ki, sülh sazişi üzrə üç raundda iş aparılıb: Ermənistan 14 fevral 2023-cü il tarixində sülh sazişi üzrə mövqeyini Azərbaycan tərəfinə təqdim edib;

Rəsmi İrəvanın mövqeyi belədir ki, sülh sazişinin imzalanması “Qarabağ problemi”nin həlli prosesindən ayrıla bilər və Xankəndi ilə Bakı arasında beynəlxalq mexanizm formalaşmalıdır. Ermənistan üçün Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının həllinə zəmanət mexanizmlərinin formalaşdırılması vacibdir, bu mexanizmlərdə beynəlxalq iştirakçılıq olmalıdır.

Ermənistan hökuməti bəyan edir ki, onların sülh sazişində əsas məqsədi mövcud 29,8 min kvadratkilometr ərazisi üçün təhlükəsizliyin təmin edilməsidir.

Hesabatda sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın yaradılması, keçirilən görüşlər əksini tapıb. Eləcə də Laçın dəhlizinin “bağlandığı”, Qarabağdakı ermənilərin “blokada”ya düşdüyü iddiaları təkrar olunur, bu istiqamətdə Ermənistan hökumətinin gördüyü işlərdən bəhs olunur.

Hesabatda əks olunan fikirlər Ermənistan hökumətinin sülh sazişinə hazır olduğunu, amma ikili oyun oynadığını göstərir:

- Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və bunun sülh sazişində yer almayacağını, bununla da rəsmi olaraq Qarabağ məsələsinin bitdiyini elan edir;
- Eyni zamanda, “Xankəndi-Bakı” formatının yaradılması ilə separatçıların “tərəfə” çevrilməsini və bunun beynəlxalq zəmanət altında reallaşmasını istəyir;
- Rəsmi İrəvanın “29,8 min kvadratkilometr ərazini” qorumaq istəyi SSRİ dövründə Ermənistana otlaq və əkin sahəsi adı ilə bağışlanan əraziləri qaytarmaq istəməməsindən qaynaqlanır;

Asif Nərimanlı

0