Daha üç partiya fəaliyyətini dayandıra bilər (ADLAR)

SİYASƏT
17:37 / 24.04.2023
760

Azərbaycanda daha bir neçə partiya fəaliyyətini dayandıra bilər. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Sosial Ədalət Partiyası (SƏP), Qorqud Partiyası və Vəhdət Partiyasının yaxın günlərdə fəaliyyətlərini dayandırdıqları barədə bəyanat verəcəyi gözlənilir. 

1993-cü ildə təsis olunan SƏP-in sədri keçmiş deputat Mətləb Mütəllimlidir. Bir müddət əvvəl SƏP-in Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşəcəyi barədə məlumat yayılmışdı. SƏP-lə bərabər Qorqud və Vəhdət partiyalarının da VHP-yə birləşəcəyi bildirilirdi. 

SƏP-lə Qorqud Partiyasının VHP-yə birləşəcəyi təsdiqlənsə də, Vəhdət Partiyası ilə bağlı xəbər təsdiqini tapmamışdı. Partiyanın sədri, deputat Tahir Kərimli belə bir niyyətinin olmadığını bildirmişdi.
 
Bu məlmatın üzərindən 20 gündən artıq vaxt keçsə də, birləşmə prosesi baş tutmayıb. İddialara görə, prosesin ləngiməsi partiyaların ortaq mövqeyə gələ bilməmələri ilə bağlıdır. Daha doğrusu, birləşmək üçün müraciət edənlərin şərtləri qarşı tərəfi qane etmir. 

Bu baxımdan, "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən SƏP-lə Qorqud Partiyasının fəaliyyətini dayandırmaqdan başqa yolu qalmır. 

Vəhdət Partiyası da "Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşmaqda çətinliklə üzləşib. Məlumatlara görə, Tahir Kərimli deputat olmasına rəğmən, partiyaya üzv yığa bilmir. Yeni qanunda isə partiyaların qeydiyyatı üçün minimum 5000 üzv tələb olunur. 

Məlumat üçün deyək ki, yeni qanunun qəbulundan sonra 14 partiya fəaliyyətini dayandırıb.

Onu da qeyd edək ki, "Qorqud" Partiyasının sədri Firudin Kərimovdur.

0