Polşalı politoloq: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasa, öz ölkəsini parçalamış olacaq”

SİYASƏT
17:50 / 06.05.2023
502

“Ermənistan sülh müqaviləsini imzalamasa, normal ölkə kimi mövcud ola bilməyəcək”.

Bu sözləri Oxu.Az-a polşalı jurnalist və politoloq Yakub Koreyba deyib.

O bildirib ki, Azərbaycan-Ermənistan məsələsinin nizamlanmasına qoşulan ölkələr bəzən sadəcə öz mənafelərini güdürlər.  

“Vasitəçilərlə bağlı problem odur ki, onların öz maraqları var və prosesə qoşulmaları heç də həmişə təmənnasız olmur. Bu, illərdir müşahidə olunan haldır. Onlar çox zaman münaqişənin həllinə töhfə vermək əvəzinə, bundan öz ölkələrinin bəzi problemlərinin həlli üçün istifadə edirdilər, vəziyyətin nizamlanması prosesinə mahiyyətcə deyil, instrumental yanaşırdılar. Amma bu yanaşmanın qeyri-effektiv olduğu məlum oldu. Ona görə də ən optimal variant ikitərəfli danışıqlar olardı”, - deyə Yakub Koreyba qeyd edib.

“Azərbaycan öz maraqlarını dərk edir, lakin Ermənistan hələ nə istədiyini başa düşmür. İrəvan Rusiya, Fransa və s. kimi ölkələrin problemlərinin həlli vasitəsinə çevrilməməlidir. Ermənistan öz inkişafı haqqında düşünməlidir, ona görə də nəhayət bu məsələnin həllinə nail olmaq lazımdır”, - deyə o qeyd edib.
Koreyba həmçinin Paşinyanın sülh müqaviləsi imzalayacağı təqdirdə Ermənistan müxalifətinin onu “parçalayacağı” ilə bağlı məlumatlara da fikir bildirib.

“Ermənistan sülh müqaviləsini imzalamasa, normal ölkə kimi mövcud ola bilməyəcək. Onlar (radikallar - red.) artıq bir neçə nəslin həyatını məhv ediblər. Sülh bağlamasalar, gələcək nəsillərin həyatını məhv edəcək, ölkəni təcrid vəziyyətinə, yoxsulluğa, heç bir perspektivin olmadığı vaxtlara qaytaracaqlar.

Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan verməsə, o zaman Paşinyanı parçalamasalar da, Ermənistanı mütləq parçalamış olacaqlar. Və bu da ölkənin milli maraqlarına zidd olacaq”, - deyə o vurğulayıb.

0