100 ildə bir gələn lider: Heydər Əliyev əfsanəsi

SİYASƏT
10:31 / 10.05.2023
940

Bu gün müasir Azərbaycanın qurucusu, Ümumilli Lider Heydər Əliyevin doğum günüdür.

Bu il böyük qürur hissi ilə Ulu Öndərimizin 100 illiyini qeyd edirik. Bəzi liderlər gəlib-keçər, bəziləri isə əbədi yaşayarlar. Birinci misala aid olanlar sadəcə öz dönəmlərində xatırlandığı halda, ikinci nümunəyə aid olanları tarixdən silmək mümkün olmur. Çünki əsl liderləri nə xalq, nə də tarix unudur. Heydər Əliyev də məhz elə unudulmaz bir lider idi. O, ölkənin ən ağır və böhranlı günlərində məsuliyyəti üzərinə götürərək, güclü bir dövlət yaratdı. Üstəlik, bunun çox çətin olduğunu unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, o dönəm müstəqilliyinin ilk illərini yaşayan Azərbaycan parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya idi, torpaqlarımız işğal olunurdu, ölkəmizdə isə hərc-mərclik və ciddi problemlər hökm sürürdü. Vətəndaş müharibəsinin baş verməsi ərəfəsində isə o dönəmin Prezidenti Əbülfəz Elçibəy çarəni heç kimə xəbər vermədən getməkdə gördü. Bəli, Prezident ölkəni qoyub getmişdi. Tarixçilər və siyasi analitiklər vurğulayırlar ki, əgər Heydər Əliyev olmasaydı, ölkəmiz çox acınacaqlı bir vəziyyətə düşəcəkdi. Amma Ulu Öndərimiz əsl siyasət ustadı idi. O, tariximizin ən ağır dönəmində belə çətin bir məsuliyyəti üzərinə götürərək, bütün problemlərin öhdəsindən təkbaşına gəlməyi bacardı.

Bu məqamda Ulu Öndərin unudulmaz sözlərini xatırlatmaq yerinə düşər: 

"Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir", "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir".

Liderliyi ilə yanaşı, dahiliyi ilə də hər zaman seçilən Heydər Əliyev bütün sahələrə diqqət ayıraraq, ölkənin inkişafına təkan verdi. Ali Baş Komandan kimi sıfırdan yeni bir ordu formalaşdırdı. Hansı ki, Heydər Əliyevin təməllərini atdığı Azərbaycan Ordusu İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarix yazaraq torpaqlarımızı işğaldan azad etdi. 

Bu gün Türkiyə ilə olan möhkəm qardaşlıq əlaqələrimizin təməlini də məhz Ulu Öndər qoyub. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olarkən, qardaş Türkiyə ilə yaxın əlaqələr qurmuşdu. Bu əlaqələr sayəsində Naxçıvan blokadadan qurtarıldı. Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı isə Azərbaycan və Türkiyə qardaşlığının sarsılmazlığının simvoluna çevrildi. Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla olan möhkəm qardaşlıq münasibətinin də dünyada bənzəri yoxdur. Bütün bunların məntiqi nəticəsidir ki, Türkiyə 44 günlük Vətən müharibəsindən Azərbaycanda açıq şəkildə dəstək olduğunu bütün dünyaya göstərdi.

Onu da qeyd etmək lazımdır ki, Ümumilli Lider ölkədə söz azadlığı yaratdı, medianı senzuradan azad etdi, vətəndaşların rifahının yüksəlməsi üçün bütün addımları atdı. Onun etdiklərinin hamısını tək-tək yazsaq, çox cildlik ensiklopediyalar belə kifayətsiz qalar. 

Əlbəttə ki, xalq ondan çox razı idi. O, hər kəsin Heydər babası idi. Ulu Öndər getdiyi hər yerdə, hər rayonda böyük izdiham və sevgi ilə qarşılanırdı. İnsanlar babanı görmək üçün neçə saat öncədən gəlirdilər. Bəli, xalqın ona olan sevgisi sonsuzdur və bu, heç bir zaman bitməyəcək. Azərbaycanda elə bir insan tapılmaz ki, Heydər Əliyev haqqında mənfi düşüncədə olsun. 

Heydər Əliyev həmçinin, əsl natiq idi. Belə ki, insan onun çıxışlarına saatlarla baxsa belə yorulmur, hər dəfəsində yeni nə isə öyrənir. Bu gün belə Heydər Əliyevin çıxışları vətəndaşların qarşılarına çıxdığı zaman böyük sevgi və hörmətlə baxırlar. 

Mustafa Kamal Atatürk Türkiyəni sıfırdan qurduğu kimi, Heydər Əliyev də Azərbaycanı başdan yaratdı. Onun bu millət, bu dövlət üçün etdiklərini unutmaq və ya danmaq olmaz. Ümumiyyətlə, Heydər Əliyev kimi əfsanəvi şəxsiyyətlər 100 ildə bir gəlir. Biz xalq olaraq çox şanslıyıq ki, onun kimi dahi bir insan bu millətə mənsub olub. Kim bilir, bəlkə də Allah Heydər Əliyevi Azərbaycan xalqına qurtarıcı olaraq göndərmişdi. Çünki o, əsl qurtarıcı və xilaskar idi. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Onun ən böyük xəyalı tarixi dədə-baba torpağımız olan Qarabağın işğaldan azad olunması idi, hətta son vəsiyyəti də bununla bağlı idi. Şükürlər olsun ki, cənab Prezident İlham Əliyev atasının bu vəsiyyətini yerinə yetirərək 50 milyonluq xalqa sevinc bəxş etdi. Biz inanırıq ki, Heydər Əliyev cənnətdən İlham Əliyevi izləyərək onun daxili və xarici siyasəti ilə qürur duyur, canından çox sevdiyi Azərbaycana baxdıqca da fərəhlənir. Ümumilli Lider fiziki olaraq aramızda olmaya bilər, amma o daima qəlbimizdə yaşamağa davam edəcək. Həyat davam etdiyi müddətcə heç bir güc Heydər Əliyev sevgisini bu xalqdan ala, onun etdiklərini tarixdən silə bilməz. Bir ömür boyu sənə minnətdar olacağıq, baba! Sən olmasaydın biz bu günləri yaşaya bilməzdik. 

Ulu Öndərimizi dərin hörmət, ehtiram və sevgi ilə anırıq. Doğum günün mübarək olsun, baba! Nə yaxşı ki, Azərbaycanın Prezidenti oldun! Səni heç vaxt unutmayacağıq...

Pərviz

0