Brüssel görüşü bitdi: Bundan sonra hansı addımlar atılacaq? - ŞƏRH

SİYASƏT
13:12 / 15.05.2023
926

Dünən Prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel arasında üçtərəfli görüş keçirilib.

Brüsseldə sayca beşinci dəfə keçirilən görüşün ardından Şarl Mişel açıqlama verib. O, danışıqların nəticəyönümlü olduğunu vurğulayıb: "Fikir mübadilələrimiz səmimi, açıq və nəticəyönümlü oldu. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yolunda irəliləyişə diqqət yetirdik. Liderlər Cənubi Qafqazın sülh şəraitində yaşaması üçün ortaq istəyi bölüşürlər. Mən onların müvafiq səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən bir-birlərinin ərazi bütövlüyünə olan hörmətini təsdiqlədiyini bəyan edib.

Maraqlıdır, Brüssel görüşü nə ilə yadda qaldı? Bundan sonra hansı addımlar atılacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Brüssel görüşü Almatı Bəyannaməsinin təsdiqi prizmasından böyük bir addım oldu:

"Hesab edirəm ki, Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazinin tanınması çox vacib idi. Ermənistanın Baş naziri Nikol Paşinyan hər dəfə Azərbaycan tərəfindən ölkəsinin 29,8 min kvadrat kilometr ərazisinin tanınmasını istiqamətində davamlı şəkildə bəyanatlar səsləndirirdi. Buna da aydınlıq gətirilməsi çox yaxşı oldu. Həmçinin, kommunikasiyalar məsələsində də irəliləyişin olduğu qeyd olunur. Mənə elə gəlir ki, bu irəliləyiş Laçındakı nəzarət-buraxılış məntəqəsinin əvəzi olaraq gündəmə gətirilib. Paşinyan əvvəllər bu prosesə bir o qədər də müsbət yanaşmırdı, amma indi tamamilə fərqli mövqe sərgiləyir".

Əziz Əlibəyli vurğulayıb ki, məhbusların mübadiləsi də böyük addım olar:

"Ən azından bu yaxınlarda Ermənistanda iki əsgərimizin tutulması məsələsi gündəmə gələ bilər. Əslində yaxşı məlumat da budur ki, Şarl Mişelin dilindən rəsmi şəkildə keçmiş “Dağlıq Qarabağ” muxtar vilayətində yaşayan ermənilər ifadəsi işlənilir. Şübhə etmirəm ki, Bakı ilə bölgədəki dialoqu hüquq və təhlükəsizlik prizmasından qiymətləndirilməsi, daxili ərazi vahidin önə çıxarılmasına işarədir. Əlbəttə ki, burada beynəlxalq müxanizmlərdən söhbət açılmaması Azərbaycanın böyük uğurlarından biridir. Biz ilk dəfə Şarl Mişelin nitqində Ermənistanın Azərbaycanın ərazi bütövlüyün tanıdığını eşitdik. Bu, həm də Qarabağı əhatə etdiyini anladıq. Düşünürəm ki, danışıqlarda kommunikasiya, gələcəyə yönəlik humanitar və məbhus məsələləri də müzakirə olunmağa davam etdiriləcək".

Pərviz

0