Xankəndidə separatçı rejim daxilində intriqalar qızışır.
Publika.az xəbər verir ki, hazırda iki şəxs – Samvel Babayan və Ruben Vardanyan arasında qızğın qarşıdurma var.
Samvel Babayan qondarma “dövlət naziri” olmaq tələbi ilə mitinq keçirdi və baş separatçı Araik Arutyunyana təkliflərini təqdim etdi. Arutyunyan qarşıdakı 10 gün ərzində bununla bağlı qərar verəcək.
“Joxovurd” qəzeti yazır ki, Babayanın Qarabağda fəallaşması Nikol Paşinyanın təşəbbüsüdür.
“Babayanı kurasiya edən şəxslər deputat Andranik Koçaryan və Qaqik Melkonyandır. Paşinyan əlaqəni bu deputatlar üzərindən qurur. İndi Xankəndində hamı Araikin Babayanı “dövlət naziri” təyin edib-etməyəcəyini gözləyir. Mənbələrimiz Arutyunyanın Paşinyanın təşəbbüsü ilə bu addımı atacağını bildirirlər”, - deyə o bildirib.
Babayan keçmiş “dövlət naziri”, milyarder Ruben Vardanyana qarşı çıxır. “Hraparak” nəşri yazır ki, Ruben Vardanyan sakit oturmayıb və bu gün hərəkətə keçəcək.
“Mayın 18-də Vardanyan mətbuat konfransı keçirərək, yeni cəbhəni elan edəcək. Vardanyanın təşəbbüsü və “parlamentin” 4 “partiyası”nın iştirakı ilə “artsaxın qurtuluş planı” hazırlanıb və Araik Arutyunyana təqdim olunub. Mayın 9-da Vardanyan bəyan etdi ki, ya bu planı həyata keçirin, ya da özləri başqa yollarla həyata keçirəcəklər. Məlumatlara görə, Vardanyan bugünkü mətbuat konfransında planlarını elan edəcək və öz cəbhəsini açacaq”, - nəşr yazır.