Paşinyanın fərqli bəyanatlarının arxasında nə dayanır? - ŞƏRH

SİYASƏT
11:59 / 18.05.2023
790

Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. 

Qeyd edək ki, rəsmi İrəvan tərəfindən dəfələrlə belə bəyanatlar səsləndirilir və bu, beynəlxalq platformalarda da dilə gətirələrək təsdiqlənir. Amma onların sözləri ilə əməlləri hər zaman olduğu kimi üst-üstə düşmür. Belə ki, ötən gün Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin təxribata hazırlaşdıqlarına dair görüntülər yayılıb. Üstəlik, Ermənistan rəsmiləri haçan Azərbaycanla bağlı müsbət fikirlər səsləndirsələr, ardından fərqli addımların atıldığı və təxribatların baş verdiyinin şahidi oluruq. 

Konkret olaraq, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü tanısa da, digər tərəfdən təxribatlara davam edərək, sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün əlindən gələni edir.

Maraqlıdır, Paşinyanın əsl məqsədi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, son üç gündə artıq ikinci dəfədir ki, Nikol Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatını eşidirik:

"Əslində, qulağa xoş gələn bu bəyanat Azərbaycan dövləti və ictimaiyyətinin maraqları ilə üst-üstə düşür. Çünki Azərbaycan tərəfi hər zaman Ermənistanı 1991-ci ildə imzalanan Almatı Bəyannaməsinə hörmət etməyə və onu tanımağa çağırıb. Amma əfsuslar olsun ki, qarşı tərəf Azərbaycana dair hər hansısa xoşməramlı bəyanat səsləndirdikdən bir neçə gün sonra ya sözlərinin arxasından qaçır, ya da təxribatlar törədirlər. Düşünürəm ki, Paşinyan bu cür bəyanatlar verib, sonra isə onun arxasından qaçması sırf onun özünün istəyi ilə bağlı deyil".

Politoloqun fikrincə, Paşinyan ona tapşırılan rolu oynayır:

"O, Rusiya ilə Qərb arasında manevr edir. Ümumiyyətlə, Paşinyan Qərbin mərkəzi gücləri tərəfindən Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi və dalğası yaratmaq üçün hakimiyyətə gətirilib. Yəni Qərb onu hakimiyyətə gətirməklə Rusiyanın Ermənistandakı siyasi rıçaqlarını əlindən aldı. Qərb bununla da Rusiyanın Ermənistanda ağırlığı hiss olunan sahələri Kremlin əlindən almaq istəyir. O sahələrdən də biri Azərbaycan-Ermənistan münasibətiləri və Qarabağ problemi ilə bağlıdır. Yəni heç kimə sirr deyil ki, Rusiya Qarabağ məsələsində Ermənistana ciddi mənada təsir edə bilir".

Elçin Abdullayevin sözlərinə görə, Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı səsləndirdiyi bəyanatı həm də Rusiyaya ünvanlanıb: 

"Belə ki, Qərb Paşinyanın əli ilə Moskvaya çatdırmaq istəyir ki, biz artıq Qarabağı da Azərbaycanın ərazi bütövlüyü kimi tanıdıq və bundan sonra Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur. Belə olan halda isə Ermənistanın Kremlə heç bir ehtiyacı qalmır. Çünki Rusiya əsasən Qafqazdakı mövcudluğunu Ermənistan və Qarabağ üzərindən yürüdür. 

Nəzərə almaq lazımdır ki, Qərb artıq Rusiyanın dayaqlarını sarsıdaraq onu Gürcüstandan çıxarıb. Azərbaycanda da Rusiyanın təsir dairələri hər ötən gün zəifləməkdədir. Yəni Rusiyanın Qafqazdakı əsas təsir imkanları Ermənistandadır. Məhz bu səbəbdən də Qərb Paşinyanın əli ilə Rusiyanı Ermənistanda "boğmağa" çalışır. Ona görə düşünürəm ki, bu bəyanatda da əsas mesaj Kremlə ünvanlanıb. Təbii ki, burada Azərbaycan ictimaiyyətinə və Rusiya tərəfdarı olan erməi vətəndaşlara da ünvanlanan mesajlar var. Lakin ümumi olaraq, bu mesajın əsasən Rusiyaya ünvanlandığının altını cızıram. Ümumiyyətlə, biz Paşinyana fərd olaraq deyil, Qərbin Ermənistandakı bir lahiyəsi olaraq baxmalıyıq. O zaman müəyyən suallara da aydınlıq gətirmiş olarıq".

Pərviz

0