Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
“Hansı sənəd azərbaycanlıları Ermənistana qaytara bilər?” adlı süjetdə indiki Ermənistan ərazisindən məcburi şəkildə didərgin düşən azərbaycanlıların öz yurdlarına qayıtması rəsmi Bakının beynəlxalq səviyyədə irəli sürdüyü əsas tələblərdən biri kimi qeyd olunur.
Həmçinin insanların qayıdışının dünya təcrübəsinə uyğun şəkildə, xüsusi mandat əsasında beynəlxalq sülh missiyasının yeridilməsi ilə mümkün olduğu ön plana çıxarılır.
Bildirilir ki, Ermənistanın havadarları ilə birlikdə törətdikləri vəhşiliklər azərbaycanlıların Qərbi Azərbaycana beynəlxalq missiyanın nəzarəti altında köçməsini zəruri edir. Belə ki, qayıdış hüququ insan haqlarının Ümumdünya Bəyannaməsində Vətənə qayıtmaq hüququnu verən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda əksini tapmış qanuni prinsipdir. Geri qayıtmaq hüququ ölkə Konstitusiyasında, immiqrasiya qanunlarında təsbit edilə bilər, yaxud repatriasiya, yəni Vətənə qayıtmaq haqqında ayrıca qanun kimi rəsmiləşdirilə bilər.
Analitik süjetdə vurğulanır ki, indiki Ermənistan qərbi azərbaycanlıların da ölkəsidir. Ona görə də onların öz evlərinə qayıtmaq hüququ var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində deyilir: “Hər kəsin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var”.
Xüsusi vurğulanır ki, qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı, beynəlxalq missiyanın nəzarəti və onların həmin ərazilərdə daimi yaşamaq, işləmək və başqa hüquqlarının təmin edilməsi vacibdir. Tarixdə yəhudilərin öz torpaqlarına dönüşünə dair təcrübə mövcuddur. Bu tarixi dərsdən nəticə çıxararaq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına beynəlxalq dəstək əldə etmək mümkündür. Çünki bütün istiqamətlərdə beynəlxalq normalar azərbaycanlıların tərəfindədir.
Süjet Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündən sitatla başa çatır:
“Biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı BAKU.TV-nin süjetində: