ABŞ-ın Ermənistanla bağlı addımı təəccüblə qarşılanıb. Belə ki, ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi, habelə onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyi düşünür.
Bunu ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi deyib.
Bəs rəsmi Vaşinqtonun bu addımını İrəvana növbəti dəstək kimi qiymətləndirmək olar?
HİT.az-a açıqlama verən politoloq Azər Qasımlı bildirib ki, bu, Ermənistana dəstək kimi dəyərləndirilə bilər:
“Amma dəstək sözü bizdə bir az səhv anlaşılır. Yəni bu, Azərbaycana və ya Gürcüstana qarşı Ermənistana dəstək kimi qələmə verilməməlidir. Əslində, bu, Rusiyaya qarşı Ermənistana verilən dəstəkdir. Çünki bildiyiniz kimi, Gürcüstan, Ermənistan və Belarus kimi ölkələr Rusiya qazından, enerjisindən asılı vəziyyətdədir. ABŞ bu asılılığı azaltmaq və yaxud yox etmək üçün sözügedən addımı atır. Düşünürəm ki, məsələnin məğzi bundan ibarətdir".
Politoloq xatırladıb ki, Gürcüstanda da Mixeil Saakaşvili dönəmində bənzər problem var idi:
"O zaman Gürcüstan üçün qazın qiymətini qaldırdılar, amma Azərbaycan bu ölkəyə kömək etdi. Yəni onlar üçün Azərbaycan alternativ oldu. İndi isə ermənilərlə münasibətlərimiz o səviyyədə deyil ki, Azərbaycan Ermənistana da dəstək versin.
Yeri gəlmişkən, Azərbaycan qazı TANAP layihəsilə həm Türkiyə, həm də Avropaya gedəcək. Heç Ermənistana verəcək də əlavə qazımız yoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistan qaz məsələsində Rusiyadan asılıdır. Ona görə də, rəsmi Vaşinqton İrəvana bu cəhətdən dəstək verir. Lakin bu, bizə qarşı olan bir şey deyil. Sadəcə Ermənistanı Rusiyanın yanında müstəqil etmək, Kremldən asılılığını bitirmək məqsədi daşıyır".
Pərviz