Bu gün Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçiriləcək.
Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolts arasında beştərəfli görüş baş tutacaq.
Qeyd edək ki, Kişinyov görüşündə Azərbaycanla Ermənistan arasında hansısa sənədlərin və ya sülh müqaviləsinin imzalanma ehtimalı səsləndirilir. Hətta Azərbaycan və Ermənistan rəsmiləri də bununla bağlı açıqlamalar veriblər. Lakin ermənilərin törətdiyi axırıncı təxribatlardan sonra görüşdə sülh müqaviləsi ilə bağlı razılıq olub-olmayacağı sual altındadır.
Ümumiyyətlə, Kişinyov görüşündən gözləntilər nələrdir?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bir ay öncə Kişinyov görüşündən daha çox gözləntilər var idi:
"Amma hazırda xüsusi bir gözlənti yoxdur. Məsələ ondan ibarətdir ki, Kişinyov görüşündən bir ay öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi müsbət və konstruktiv açıqlamalar bu görüşdə sülh müqaviləsinin imzalanmasına ümidləri artırmışdı. Lakin Moskva görüşünün nəticəsiz qalması, ardınca isə Paşinyanın sülh sazişinə dair danışıqların getmədiyini və sülh sazişinin mətninin hazır olmadığını qeyd etdi. Əlbəttə ki, bu da Kişinyov görüşü zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmayacağını deməyimizə əsas verir".
Politoloq qeyd edib ki, sülh müqaviləsi imzalanmasa belə müəyyən irəliləyişlər və nailiyyətlər əldə oluna bilər:
"Çünki Ermənistan Avropa qarşısında öhdəlik götürüb və bunları icra etməlidir. Bu öhdəliklərdən biri də Qərb formatında keçiriləcək görüşlərdə Ermənistanın kiçik də olsa müəyyən güzəştlərə getməli olduğudur. Yəni hər görüşdə nailiyyətlərin əldə olunduğunu bununla da izah edə bilərik. Rəsmi İrəvan götürdüyü öhdəlikləri bu gün də icra etməyə məcburdur".
Turan Rzayevin fikrincə, Kişinyovda keçiriləcək görüşdə olduqca maraqlı məqamlar olacaq:
"Hesab edirəm ki, məhz bu görüş zamanı kommunikasiya xətlərinin açılması, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mühüm məqamlar olacaq. Buna dair bir razılıq əldə edilə və yaxud da bu istiqamətdə addım atıla bilər. Yəni Kişinyov görüşündə kiçik də olsa irəliləyişlərin olması mümkündür".
Pərviz