"Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.
Bəs Paşinyanın bu açıqlamalarını sülhə doğru atılan bir addım kimi qəbul etmək olar?
Mövzu ilə bağlı HİT.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Nikol Paşinyanın bu açıqlamaları sülhə xidmət edir:
“Ermənistan həmişə 1975-ci il xəritələrini qabardır. Ola bilsin ki, həmin dövrün xəritələri nisbi olaraq Ermənistan tərəfinə daha uyğun olub. Azərbaycan tərəfi üçün isə başqa bir dövrün də xəritəsi uyğun ola bilər. Ancaq Ermənistan anklavları da Azərbaycan ərazisi kimi tanıyırsa, sülhə nail olmaq üçün çox qısa yol qaldığını demək mümkündür. Çünki bizim əsas şərtimiz Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tanıması və sülh müqaviləsinin imzalanmasıdır. Rəsmi İrəvan isə həm Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, həm də anklavları tanıdığını bildirir. Deməli, çox az həll olunmamış məsələ qalıb.
Həmçinin, sülhə doğru irəliləyən addımlarda Ermənistan Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Yəni, onlara hər hansısa muxtariyyət və özünüidarəetmə hüququnun verilməsini istəyirlər. Rəsmi Bakı isə siyasi muxtariyyətə qarşıdır, amma mədəni şəkildə onların bütün hüquqlarının qorunacağına təminat verir. Düşünürəm ki, bu məsələdə Ermənistanla Qərb ölkələri arasında müəyyən fikir ayrılıqları ola bilər. Amma bu, Azərbaycanın daxili işidir. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycanın tərkibində olduğunu və anklavları tanıyırsa, artıq burada sülh müqaviləsi üçün çox böyük bir maneə qalmır. Geriyə bu məsələnin yekun detallarının müəyyən edilməsi və onu sülh müqaviləsinə daxil etmək qalır".
Ekspert onu da vurğulayıb ki, Paşinyan anklavlar məsələsində qarşılıqlı güzəştləri gündəmə gətirə bilər:
"Amma düşünürəm ki, Paşinyanın demək istədiyi məsələlər tam olaraq aydınlaşdırılmalıdır. Çünki o, vaxtilə Ermənistanda olmuş anklavlarının qaytarılmasını təklif irəli sürmüşdü. Amma anklavların hansı şəkildə qaytarılmasının da texniki məsələləri bilinməlidir. Hesab edirəm ki, xarici qüvvələrin təsiri və təxribatı olmasa, yaxın gələcəkdə Paşinyan hakimiyyəti ilə sülh müqaviləsi imzalaya bilərik".
Pərviz