Makron İran lideri ilə 90 dəqiqə nəyi müzakirə edib? - İlginc detallar

SİYASƏT
13:19 / 11.06.2023
750

“Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefonla 90 dəqiqə nəyi müzakirə edə bilərdi?”

HİT.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, sözügedən telefon danışığı haqda detalları açıb:

“İranın Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, guya danışıqlar zamanı Makron Parisin Tehranla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb. Ağlabatan deyil. İran Fransanın tərəfdaşı və dostu deyil ki, iki ölkənin dövlət başçısı uzun-uzadı “əməkdaşlığın inkişafı” mövzularını müzakirə etsinlər?

Fransanın “Le Figaro” qəzeti fransalı rəsmilərə istinad edərək telefon danışığında Makronun Rəisini xəbərdar etdiyini və İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməyi dayandırmaq tələbini səsləndirdiyini yazıb. Fransa prezidenti Tehranın Rusiyaya dronlar göndərməkdə davam edəcəyi halda bunun İran üçün təhlükəsizlik və humanitar sahədə ağır nəticələri olacağını bildirib. Qərb ölkələrinin kəşfiyyat strukturlarının İranın Rusiyaya göndərdiyi dronların sayını artırdığı barədə məlumatları var.

İran Rusiyaya dronlar göndərməkdən imtina etməyəcək. İranın Qərb sanksiyaları fonunda valyutaya ehtiyacı var. Rusiya dronların qarşılığında İrana böyük miqdarda pul ödəyir. Ukrayna səmasında hər gün onlarla İran dronu vurulur. Bu o deməkdir ki, İranın pilotsuz uçuş aparatları istehsal edən müəssisələri Rusiya üçün tam gücüylə işləyirlər. Bəs Tehranı Makron niyə xəbərdar edib? Makron Fransanı Avropanın lider dövləti hesab edərək hər məsələdə rol almağa çalışır. Ancaq bu Makronun və Fransanın statusunu xüsusi olaraq artırmır”.

0