"Ərdoğanın səfəri Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin nümayişidir"

SİYASƏT
21:14 / 13.06.2023
484

İyunun 12-dən başlayaraq dünya növbəti əlamətdar tarixə şahidlik edir. Belə ki, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan 13-cü Prezident kimi Azərbaycana səfərə gəlib. Bu, bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, iki ölkə arasındakı əlaqələrinin sarsılmazlığının nümayişidir.

Bu fikirləri “Hit.az”-a açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə söyləyib.

Hər iki ölkənin istər çətin, istər sevincli, istərsə də kədərli günlərdə bir-birinə dəstək olduğunu bildirən K.Qubadzadə fikirlərinə belə davam edib:

“Azərbaycan tarixinin ən həlledici məqamında – 44 günlük Vətən müharibəsi dövründə tək olmadığını hiss etdi, kürəyini öz qardaşına arxayınlıqla söykəyib Zəfərə doğru inamla addımladı. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi siyasi dəstək, əleyhimizə olan qüvvələrə qarşı sərt bəyanatları ilə xalqımızın ona olan sevgisini birəbeş artırdı. Qardaş ölkənin dəstəyi bununla yekunlaşmadı. Müharibənin ardından Zəfər paradında güc nümayişi, Şuşa Bəyannaməsinin imzalanması, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə ilk olaraq Türkiyə şirkətlərinin qoşulması bizə qarşı olan qüvvələrə bir mesaj oldu. Azərbaycan xalqı da Türkiyənin ən ağrılı günlərində özünü qardaşının köməyinə çatdırdı. İstər meşə yanğınlarında, istər zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə çağırış etmədən ilk olaraq Azərbaycan özünü darda olan qardaşının dadına yetirdi. Qardaş ölkədə baş verən zəlzələdən sonra sıravi vətəndaşların yardımlar göndərmələri, əllərində olanı əsirgəməmələri görüntüləri yəqin ki, tarix boyu unudulmayacaq. Əminliklə deyə bilərik ki, dünya ölkələri içərisində Azərbaycanla Türkiyə qədər bir-birinə arxa-dayaq olan, sevincini, kədərini bölüşən ölkələr yoxdur. Bütün bunlar bir tərəfdən də Türk dünyasının güclənməsi deməkdir”.

Türkiyə-Azərbaycan əlaqələrinin istər iqtisadi, istər siyasi, istər təhsil, istərsə də hərb sahələrində daim genişşaxəli əməkdaşlıq proqramı çərçivəsində həyata keçirildiyini bildirən K.Qubadzadə Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə qardaş ölkədə yeni bir dövrün başlandığını diqqətə çatdırıb.

“Əminəm ki, bundan sonra atılacaq addımlar Türkiyə və Azərbaycan xalqlarını daha sıx birləşdirəcək, əlaqələri daha da möhkəmləndirəcək. R.T.Ərdoğanın Prezident kimi ilk səfərini Azərbaycana etməsi bütün dünyaya göstərdi ki, Türk dünyası böyük gücə və qüvvəyə malikdir. Azərbaycan-Türkiyə qardaşlığı isə daimi, dönməz, əbədidir”.

0