İlham Əliyevlə Rüstəm Minnixanovun Cəbrayıl səfəri (YENİLƏNİB/FOTO)

SİYASƏT
18:49 / 17.06.2023
601

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəzdilər.

Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.

Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Salaməleyküm, cənab Prezident, xoş gəlmisiniz.

Rüstəm Minnixanov: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.

Qadın sakin: Həmişə Siz gələsiniz, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necəsiniz? Necə yaşayırsınız?

Sakinlər: Sağ olun, cənab Prezident, Allah Sizə ömür versin. Biz yaxşıyıq, Sizin sayənizdə hər şey yaxşıdır, əladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək etsin. Biz Sizin sayənizdə burada yaşayırıq. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun, cənab Prezident. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Salam, necəsən? Qızım, sən də gəl.

Qadın: Salam, xoş gəlmisiniz. Gəlin, uşaqlar, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Qadın: Mən Bakıdan gəlmişəm.

Prezident İlham Əliyev: Qonaq gəlmisiniz?

Qadın: Bəli, qonaq gəlmişik.

Minnixanov (balaca qıza): Adın nədir?

Qız: Xədicə.

Prezident İlham Əliyev: Bəs sənin adın nədir?

Oğlan: Yusif.

Prezident İlham Əliyev: Nəvələrinizdir. Sənin adın nədir?

Qız: Mələk.

Prezident İlham Əliyev: Necəsən?

Qız: Yaxşıyam.

Qadın sakin: Cənab Prezident, Ağalıya xoş gəlmisiniz. Allah Sizə kömək olsun.

Digər qadın: Cənab Prezident, bu gün bu qızın ad günüdür, onunla bir şəkil çəkdirərsiniz?

Prezident İlham Əliyev: Ad günüdür? Təbrik edirəm.

Qadın: Allah Sizin canınızı sağ etsin ki, bizə bu günləri qismət etdiniz.

Digər Qadın: Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk. Sizinlə dəfələrlə görüşmüşük, yəqin tanımış olarsınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Bəli, bəli.

Qadın: Ağalıya xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Siz gələndə biz çox sevinirik. Görürsünüz, Sizi uşaqlar da nə qədər çox istəyirlər.

Sakinlər. Allah Sizi var eləsin. Sizinlə fəxr edirik. Bizim Prezidentimiz dünya lideridir.

Qadın: İnşallah, həmişə yolunuz açıq, işiniz uğurlu olsun.

***

Söhbət zamanı xatirə şəkilləri çəkdirildi.

15.19

İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.

HİT.az xəbər verir ki, Tatarıstan Respublikasının Rəisini salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Rüstəm Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə çox şadam. Əlbəttə, bu gün birgə Mərkəzin açılışı əlamətdar hadisədir. Lakin daha vacibi bizim sizinlə ünsiyyətimizdir. Mən bizim həm Kazanda, həm də Bakıda görüşlərimizi məmnuniyyətlə yada salıram. Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq.

Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıqdır çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir.

Beləliklə, bir daha xoş gəlmisiniz. Sizə burada - həm Cəbrayılda və Zəngilanda, həm də sabah Bakıda xoş səfər arzulayıram.

Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib:

- Hörmətli İlham Heydər oğlu, hər şeydən əvvəl gözəl ölkədə olmaq imkanına, Sizin dəvətinizə görə təşəkkür etmək və əlbəttə, Sizə - Azərbaycan Prezidentinə və bizim Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk.

Tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar.

15.07

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.

HİT.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov görülən işlər barədə məlumat verdi.

Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

Bildirildi ki, bu Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və sairin təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb.

Ölkəmizdəki digər mövcud sənaye parklarında olduğu kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək göstərilir.

Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov “Avto Lizinq Azərbaycan” MMC-nin açılışını bildirən rəmzi lenti kəsdilər.

Məlumat verildi ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.

Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.

Burada, həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.

Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.

13.55

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

13.19

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

0