“İrandakı etirazlar cəzalandırmalar başladıqdan sonra bir az səngiməyə doğru gedir”.
Bu sözləri Güney Azərbaycanlı fəal Məhsa Mehdili HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, artıq qorxu atmosferi və edamlar başlayıb:
“Hətta İran rejimi etirazçıları çox ağır şəkildə cəzalandırmağa davam edir. Xüsusilə edam cəmiyyətdə böyük bir qorxu yaradıb və bu, çox təhlükəli bir məsələdir. İranda məhkəmə sistemləri tamamilə dövlətin və hakimiyyətin əmrindədir. Üstəlik, çox ədalətsiz məhkəmə sistemi olduğu üçün xalqda bir az qorxu yaranıb. Amma bu o demək deyil ki, etirazlar tamam yox olub. Küçədə etiraz etmək onun yeraltına enməsindən daha yaxşıdır. Çünki xalqın etirazına səbəb olan əsas problemlər həll olmadıqca, etirazlar bitməz".
Məhsa Mehdili vurğulayıb ki, Tehran hakimiyyəti etirazları ağır cəzalar və edamlarla susdurmaq və ya basdırmaq istəyir:
"Lakin molla rejimi etirazlara səbəb olan əsas problemlərin həlli istiqamətində heç bir addım atmadığı və etirazları zor gücünə susdurmağa çalışdığı üçün etirazların sonlandığını deyə bilmərik. Çünki problem heç cür həll olmayıb. Əksinə, daha da pisləşib”.
Pərviz