Ermənistanın Baş naziri Nikol Paşinyan sülhlə bağlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.
O, Ermənistanın vaxt udmağa çalışdığını etiraf edib: "Mövcud vəziyyət ağırdır və daha da gərginləşə bilər. Ermənistan üçün əsas məsələ vaxt udmaqdır".
Qeyd edək ki, Nikol Paşinyan son zamanlarda Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağını deyirdi. Hətta bununla bağlı konkret tarixlər də verirdi. Lakin onun son açıqlaması əvvəlki fikirlərinin tam əksi olub. Paşinyan Ermənistan əsl niyyətinin vaxt udmaq olduğunu deyərək bir növ sülh müqaviləsindən yayınmağa çalışdıqlarını etiraf edib.
Ümumiyyətlə, Paşinyan indi nə üçün belə bir açıqlama verir? Onun bu açıqlaması nəyə hesablanıb?
Mövzu ilə bağlı HİT.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Nikol Paşinyanın belə açıqlama verməsi ilə bağlı tezislər İran, Fransa və Hindistandan gəlir:
"Müəyyən qədər burada Rusiyanın da obrazı var. Amma dəqiq desək, Türkiyənin son 4 ayda həm zəlzələ, həm də seçkilərlə bağlı yol verdiyi vaxt itkisi bizim qızıl kimi dəyərli olan zamanımızın sülh müqaviləsi prizması və Zəngəzur dəhlizinin reallaşması kontekstində gecikməsinə səbəb oldu. Ermənistan da belə perioda qədəm qoydu ki, bəlkə danışıqları gecikdirməklə Fransa, İran və Hindistan ötürülmüş silahlarla Azərbaycana qarşı bir revanş ala bilər.
Burada maraqlı bir arqument də var. Əslində ölkəmizin məğlub olmasını istəyən qüvvələr hesablayırlar ki, Azərbaycanın Rusiya ilə münasibətlərindən əldə etdiyi gücü sıfırlasınlar. Dolayısı ilə Qafqazda Azərbaycan, Türkiyə, Rusiya üçlüyü arasında formalaşmış güc balansını pozmağa çalışırlar. Çox təəsüf ki, Ermənistan, o cümlədən də Arazdəyəndə metallurgiya zadovu inşa etməyə çalışan ABŞ, Fransa, Hindistan eyni ansamblın üzvləridir".
Pərviz