Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB

SİYASƏT
13:56 / 07.07.2023
480
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.

HİT.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Cənab Prezident, hörmətli qonaqlar, bir daha xoş gəlmisiniz. Cənab Prezident rəsmi səfərinizlə bağlı Sizi qəbul etməyimdən çox məmnunam. Əvvəlcə mənim ötən il Albaniyaya səfərim zamanı göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Şadam ki, biz çox sıx dostluq münasibətləri qurmuşuq və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun olduqca yaxşı dinamikası var. Əlbəttə, bu, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amildir. Mən bu münasibətləri əla adlandırardım və bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir.

Biz artıq Sizinlə ikitərəfli gündəliyimizə, regional məsələlərə, təhlükəsizlik mövzusuna və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə bu dialoq davam edəcəkdir.

Çox məmnunam ki, hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əlbəttə, əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir və biz artıq Sizinlə bu məsələyə toxunduq və nümayəndə heyətlərinin iştirakı ilə bu görüşdə də bu müzakirəni davam edəcəyik. Çünki bizim bu istiqamətdə daha çox planlarımız var və bu məsələlər mənim Albaniyaya səfərim çərçivəsində, həm də digər rəsmi şəxslər səviyyəsində müzakirə edilib.

Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

Prezident Bayram Beqay bildirib:

- Möhtərəm Prezident, əziz dost.

Bu gün Sizinlə burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Eyni zamanda, Sizə mənə və nümayəndə heyətinə göstərilən çox isti qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Bir daha təşəkkürümü bildirirəm.

13.08

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

11.59

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü keçirilib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

0