Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryan baş nazir Nikol Paşinyanla ikinci prezident, “Hayastan” blokunun lideri Robert Köçəryan arasında hər hansı qaranlıq razılaşmaları ehtimal hesab etmir.
HİT.az xəbər verir ki, deputat bunu jurnalistlərə Köçəryanın daxili siyasi proseslər fonunda mövqeyi və davranışı ilə bağlı sualı cavablandırarkən deyib.
Daşnaksütyun partiyasını təmsil edən Xaçatryan bildirib ki, “Hayastan” hələ də paytaxt merinin seçkilərində iştirak edib-etməmək məsələsini müzakirə edir.
"Mənim üçün birmənalı olaraq paytaxtdakı seçkilərdə iştirakın zəruri olub-olmadığını söyləmək çətindir. Amma mən daha çox inanıram ki, mövcud vəziyyəti, İrəvanın təmsil etdiyi əhəmiyyəti nəzərə alaraq, iştirak etmək lazımdır. Paytaxt sakinlərinin iqtidarın həyata keçirdiyi siyasətlə razı olmadıqlarını göstərmək üçün konsolidasiya lazımdır", deyə o bildirib.
Xaçatryanın qeyd edib ki, hələ yekun qərar yoxdur, o, yalnız müzakirələrin davam etdiyini deyə bilər. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın bu müzakirələrdə iştirak edib-etməməsi ilə bağlı suala deputat müsbət cavab verib.
O, Köçəryanla baş nazir Nikol Paşinyan arasında hansısa razılaşmaların olması ilə bağlı fikirləri təkzib edib:
"Mənim heç bir razılaşmadan xəbərim yoxdur. Nə Paşinyan, nə də Köçəryan bu barədə danışmayıb. Mən bunu çətin hesab edirəm, daha doğrusu, mümkün hesab etmirəm. "Hayastan" bloku çərçivəsində də siyasi məsləhətləşmələr gedir".
Samir