Hikmət Hacıyev: “Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi”

SİYASƏT
11:19 / 10.07.2023
626

“Zamanında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsil alan kadrlar bu gün də dövlətçiliyin inkişafına öz töhfələrini verirlər”.

“Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 10-da ADA Universitetində keçirilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 1987-1990-cı illərdə ulu öndərə qarşı təzyiqlər olub: 

“Həmin dövrün sənədlərinə baxdıqda məlum olur ki, Heydər Əliyevin fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Ancaq istəkləri baş tutmadı”.
H.Hacıyev qeyd edib ki, tarixçilər öz araşdırmalarında bəzən ermənilərin yalnız Qarabağı öz ərazisi kimi təqdim etməsini vurğulayırlar: 

“Lakin tarixçilər araşdırmalarında nəzərə almalıdırlar ki, onlar nəinki Qarabağı, eləcə də Naxçıvanı Ermənistana birləşdirməklə oranı Şərqi Ermənistan kimi təqdim etmək istəyirdilər. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi də baş tutmadı. O, Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi”.

“1993-cü ilə qədər Azərbaycanı tam şəkildə müstəqil hesab etmək olmazdı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu. Qürur hissi duyuram ki, məhz ulu öndərin yürütdüyü milli kadr siyasətinə uyğun olaraq mən də Xarici İşlər Nazirliyində işləmişəm”, - H.Hacıyev deyib.

0